"Sabah" klubunun baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasında "Mançester Yunayted"lə keçiriləcək qarşılaşmanı səbirsizliklə gözlədiyini bildirib.
Matc.az xəbər verir ki, o, bunu UEFA Çempionlar Liqasının Liqa mərhələsində İngiltərədə "Mançester Yunayted"ə qarşı keçirəcəkləri ilk tur oyunundan öncə mətbuat konfransında deyib.
"2002-ci ildə buraya gəlmişdim və məşqçilik sahəsində ilk işim "Manchester United Soccer School"da olmuşdu. Bu, "Old Trafford"da yerləşmirdi, ancaq ad və loqo eyni idi. Bununla qürur duyuram və indi Çempionlar Liqasında baş məşqçi kimi buraya qayıdıb oynamaq mənim üçün çox xoşdur" – deyə o bildirib.
Baş məşqçi "Sabah" klubunun gənc komanda olduğunu da vurğulayıb. O qeyd edib ki, sentyabrın 8-də komanda Mançesterə yola düşərkən klubun yaranmasının ildönümü olub.
"Klubumuz 2017-ci il sentyabrın 8-də yaradılıb. Dünən təyyarəyə minəndə məhz klubun ad günü idi və biz bunu qeyd etdik", – deyə baş məşqçi bildirib.
Onun sözlərinə görə, həm klub, həm də özü üçün Çempionlar Liqasının əsas mərhələsində debüt etmək xüsusi hadisədir.
"Çempionlar Liqasının əsas mərhələsində ilk dəfə iştirak etmək bizim üçün möhtəşəmdir. Üstəlik, "Mançester Yunayted"ə qarşı oynamaq bu qarşılaşmaya əlavə simvolik məna verir. Biz məhz belə möhtəşəm bir gecəni səbirsizliklə gözləyirik.
"Hazırda məqsədimiz nəticə barədə düşünmək deyil. Biz yaxşı oyun göstərmək və dünyanın ən yaxşı komandalarından biri ilə qarşılaşarkən əslində nə qədər güclü olduğumuzu görmək istəyirik", – deyə o əlavə edib.
Baş məşqçinin sözlərinə görə, bu oyunlar klubun hazırkı səviyyəsini daha aydın göstərməyə imkan verəcək:
"Düşünürəm ki, indi nəticə haqqında düşünməyin vaxtı deyil. Bu turnir və bu oyunlar bizim və klubumuz haqqında bir çox həqiqətləri üzə çıxaracaq. Hansı istiqamətdə getmək istədiyimizi, hara çatmaq istədiyimizi, hansı səhvə lərə yol verəcəyimizi və bu səhvlərdən necə öyrənəcəyimizi göstərəcək".
O, "Mançester Yunayted"lə görüşdə komandasından maksimum nəticə ortaya qoymasını gözlədiyini vurğulayıb:
"Sabah" əsas məsələ oyundan zövq almaq, bu xüsusi anı hiss etmək və həmin anın içində olmaqdır. Əlbəttə, bacardığımızın ən yaxşısını və hansı futbolu oynaya biləcəyimizi göstərmək istəyirik. Rəqabət apara bilərikmi? Futbol ictimaiyyətini təəccübləndirəcək nəsə edə bilərikmi? Biz məhz bunu görmək istəyirik. Nəticə haqqında düşünməyə başlasaq, sadaladığım bütün bu məsələlərə olan diqqətimizi itirəcəyik".
"Həqiqətən də, anlayıram ki, bəzən təsəvvürümüzə belə sığmayan bir səviyyəyə çatmışıq" deyən mütəxəssis, "Sabah" klubun cəmi 9 yaşının olduğunu xatırladıb:
"Biz daha əvvəl nə Konfrans Liqasına, nə də Avropa Liqasına vəsiqə qazanmışdıq. Əvvəlki illərdə ardıcıl iki mərhələni belə keçməmişdik. İndi isə birdən-birə Çempionlar Liqasındayıq".
Baş məşqçi bunu çoxmərtəbəli binaya pilləkənlə qalxmağa bənzədib:
"Təsəvvür edin ki, 12 mərtəbəli binaya daxil olursunuz və lift yoxdur. Birinci mərtəbədən birdən-birə beşinci və ya altıncı mərtəbəyə qalxa bilməzsiniz. Birinci, ikinci, üçüncü mərtəbələri keçməlisiniz. Biz isə bu binaya daxil olduq və hansısa şəkildə özümüzü ən yuxarı mərtəbədə tapdıq".
O, "Sabah"ın güclü komanda olduğunu, lakin real səviyyəsinin "Mançester Yunayted"lə görüşdə daha aydın görünəcəyini vurğulayıb:
"Yaxşı komanda olduğumuzu bilirik, amma nə qədər yaxşı olduğumuzu sabah görəcəyik. Çünki artıq dünyanın ən yaxşıları ilə mübarizə aparacağıq".
Dambrauskas bildirib ki, ötən həftə açıqlanan dünyanın 50 ən yaxşı klubu siyahısında "Arsenal" birinci, "Barselona" beşinci, "Mançester Yunayted" isə doqquzuncu yerdə qərarlaşıb:
"Bu mövsüm qarşılaşacağımız ən güclü komandalardan üçü dünyanın ilk onluğundadır. Bizim həmin sıralamada harada olduğumuzu bilmirəm. İndi əsas məsələ bu fürsətə uyğun səviyyədə çıxış etmək və əlimizdən gələnin ən yaxşısını etməkdir".













