Azərbaycan avarçəkənləri "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirində uğurlu çıxışlarını davam etdirirlər.
Azərbaycan avarçəkənləri "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirində uğurlu çıxışlarını davam etdirirlər. Təmsilçilərimiz yarışın ikinci günündə aktivlərinə daha 3 medal yazdırıblar.
Matc.az xəbər verir ki, 2008-2009-cu il təvəllüdlü idmançıların 2 nəfərlik kayak yarışında 500 metr məsafəyə yürüşdə Tengiz Qaqnidze - Qiyas Əhmədov cütlüyü 1:54.51 saniyə nəticə ilə qızıl medala sahib çıxıb. Eyni yarışda mübarizə aparan digər tandemimiz Nuran Rəhimli - Elvin Əliyev cütlüyü isə finişə 2:03.43 saniyəyə çataraq 3-cü yeri tutub.
Bundan başqa, 1000 metr məsafəyə 1 nəfərlik kanoe yarışında qüvvəsini sınayan Hüseyn Səmədli (4:43.54) finiş xəttini üçüncü sırada keçərək bürünc medala yiyələnib.
Xatırladaq ki, Füzulidəki Köndələnçay su anbarında təşkil olunan ilk mərhələdə idmançılarımız 4 medal qazanmışdılar. 200 metr məsafəyə turnirdə Əlimurad Hacızadə birinci, Nuran Rəhimli ikinci, Hüseyn Səmədli və Elmir Tarverdiyev isə üçüncü pillədə qərarlaşmışdılar.
Oktyabrın 1-də yekunlaşacaq turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən birincilik uğrunda mübarizə aparır.













