"Mançester Yunayted"un və Argentina millisinin müdafiəçisi Lisandro Martines Çempionlar Liqasında "Atletiko"ya məğlubiyyətdən (0:2) sonra komanda və texniki heyətin ünvanına səsləndirdiyi emosional fikirlərə görə ictimaiyyətdən üzr istədiyi rəsmi bəyanat yayıb.
Matc.az xəbər verir ki, bu barədə argentinalı futbolçu öz sosial şəbəkə hesabında paylaşım edib.
Müdafiəçi klub rəhbərliyi və baş məşqçi ilə görüşünün olduqca müsbət keçdiyini, çərşənbə axşamı baş verən hadisələri açıq şəkildə müzakirə etdiklərini bildirib.
"Hər kəs bilir ki, mən emosional insanam və futbolu böyük ehtirasla yaşayıram. Məğlubiyyətdən sonrakı məyusluq məni emosiyalara qapılaraq, doğru olmayan zamanda və məkanda danışmağa məcbur etdi. Buna görə səmimi qəlbdən üzr istəmək istəyirəm.
Bildirilir ki, Martines komandanın yalnız birlik nümayiş etdirdiyi təqdirdə ən yaxşı nəticələrə nail ola biləcəyini vurğulayıb. O, söylədiyi sözlərin həmin an kollektivin birliyinə xidmət etmədiyini dərk etdiyini və artıq bu problemin geridə qaldığını qeyd edib. Argentinalı oyunçu hazırda bütün diqqətlərini komanda ilə birlikdə qələbələr qazanmağa yönəltdiklərini diqqətə çatdırıb.












