"Neftçi", nəhayət ki, Donald Gerye ilə müqavilə bağladığını açıqladı. Bu söhbət çoxdan vardı. Hələ "Bney Yehuda" ilə görüşlərdən əvvəl Donald sosial şəbəkələrdə İsrail təmsilçisi ilə qarşılaşmalarda "flaqman"ın heyətində görünə biləcəyi haqda yazmışdı. Geryenin transferi də məhz onda lazım idi. Amma Kamran Quliyev o zaman "Arsenal" qələbəsindən eyforiyaya qapılmışdı. "Neftçi"yə gələnəcən karyerasının ən böyük uğuru "Sumqayıt"da çalışmaq olan prezident üçün Rusiya klubunu məğlub etmək, heç ən yaxşı yuxularda da görünmürdü. Və birdən-birə tulalılar üzərində qazanılan 2 qələbə onun ayaqlarını yerdən götürmüşdü.

Kamran müəllim elə fikirləşdi ki, bu heyət idealdı və "Arsenal"a 4 qol vurulubsa, hansısa "Bney Yehuda"ya 14 qol da vurmaq olar. Amma "Sumqayıt" təfəkkürünü dəyişməkdə çətinlik çəkən Quliyev çox yanılırdı. Bunu israillilər, daha sonra isə "Sabah", "Zirə" və "Sumqayıt" Kamran bəyə əyani şəkildə başa saldı. Sonuncular üzərində hakimlərin və "Fair Play" prinsiplərini pozmağın hesabına qazanılan qələbə prezidentə baş ucalığı gətirməsə də, 3 xal gətirdi. Amma görünən dağa bələdçi lazım deyildi. "Neftçi"nin müdafiəsinin sol cinahı ən problemli mövqelərdən idi və Quliyev "Qarabağ"la oyunöncəsi bunu dərk edib, Gerye ilə müqavilə bağladı.

Çünki "Neftçi" "Qarabağ"la oyunda da məğlub olsa, artıq azarkeşlər və təsisçilər bunun hesabını hansısa futbolçudan və ya baş məşqçi Roberto Bordindən soruşmayacaq. Çox güman, bu məğlubiyyət Kamran Quliyevin "Neftçi" karyerasını bitirəcək. Odu ki, Kamran müəllim Geryeye ilk növbədə öz xilaskarı kimi baxa bilər. Amma bu qərar ilk növbədə gecikmiş görünür. Çünki "Arsenal" qələbəsindən sonra komanda ruh yüksəkliyində olanda, püşk bəxtə "Bney Yehuda" və "Malmö" kimi keçiləsi rəqiblər çıxaranda, bu transferi etmək lazım idi ki, ümid yarıhəvəskar Anton Krivotsyuka qalmasın. Avropa Liqasının qrupuna yüksəlmək bu transferlərə xərclənən vəsaiti artıqlaması ilə geri qaytaracaqdı. Amma dediyimiz kimi, Kamran bəyin bir prezident kimi hamının gördüyü bu addımı vaxtında atmağa qabiliyyəti çatmadı. İndi məqsəd Avropa Liqasının qruplarına yüksəlmək deyil. Heç Quliyevin verdiyi çempionluq vədini gerçəkləşdirmək də deyil. Çünki belə prezidentlə çempionluq qazanılacağına heç "Neftçi"nin ən nikbin azarkeşləri də inanmır.

Məqsəd "Qarabağ"a uduzmayıb, prezidentlik kürsüsünün ömrünü mümkün qədər uzatmaqdı. Bəs xilaskar obrazında görülən Gerye bu etimadı doğrulda biləcəkmi? Bu haqda konkret nəsə demək tezdi. Gerye uzun müddətdi oyun praktikasına malik deyil. Haitilinin xarakteri haqda da müsbət fikir söyləyən azdı.

"Qarabağ"a təzə gəldiyi vaxt övladını itirən Donald bu hadisədən sonra Ağdam klubunun rəhbərliyinin böyük dəstəyi ilə çətin psixoloji durumdan çıxa bildi. Həmin hadisədən bir neçə gün sonra tarixdə ilk dəfə ev oyununda Çempionlar Liqasının qrup matçını qəbul edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Geryeye də bu möhtəşəm həyəcanı yaşamağa şans verdi.  Gerye həmin ağır günləri "Qarabağ"dakı insanların köməyilə aşıra bildi və komandanın əsas futbolçusuna çevrildi. Halbuki, Ansi Aqolli heç də Geryedən zəif futbolçu deyildi. Albaniya yığmasının kapitanının insani keyfiyyətləri haqda danışmaq isə artıqdı. Təsadüfi deyil ki, Ansini hələ də bütün Azərbaycanda sevirlər. Bəs Gerye nə etdi?

"Qarabağ"ın və Qurban Qurbanovun sayəsində karyerasında ağlına gətirmədiyi bir yüksəlişə nail olan futbolçu müqaviləsi bitəndən sonra maaşının artırılmasını tələb etdi və klubun razılığını aldı. Bunun ardınca dünyanın heç də ən güclü milli komandaları cərgəsində olmayan Haitinin heyətində bir-iki uğurlu oyun keçirəndən sonra müqaviləsinin şərtlərini daha da yaxşılaşdırmaq xəyalına düşdü. "Qarabağ"dan gedəndən sonra ona yalnız yaxşılıq etmiş klub və rəhbərliyi haqda xoşagəlməz fikirlər bildirən Gerye, kim bilir sabah "Neftçi"nin arxasınca nələr danışacaq? Amma düşünürük onu "ağ-qara" karyerasının uğurlu alınması üçün münbit şərait var. "Neftçi"də klub rəhbərliyi haqda "gözəl" fikirlər söyləmiş Darionu, azarkeşləri təhqir edən Dabonu, həmin azarkeşi bəyənməyən Petrovu, Bordini başa keçirirlərsə, Donald da görəcəyi heç bir hərəkətdən narahat olmaya bilər. Oyun planında da problem olmamalıdı. Sol cinahda Geryeni əvəzləyəcək səviyyədə futbolçu yoxdu. 

Nə deyirik, xeyirli olsun!
Amma kaş bu xeyir "Bney Yehuda" ilə oyunlarda olaydı…

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest