"Barselona"nın icarə əsasında "Liverpul"da çıxış edən müdafiəçisi Ronald Arauxo Kataloniya klubuna qayıtmaq istəmir.
Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Bildirilir ki, uruqvaylı futbolçu İngiltərədəki həyatdan zövq alır və mersisaydlılar ilə daimi müqavilə imzalamaq niyyətindədir.
Arauxo "Liverpul"da oynamaqdan məmnundur. O, artıq bir neçə dəfə şəhəri gəzərək buranın ab-havası ilə yaxından tanış olub. Futbolçu Liverpul sakinlərinin futbolla nəfəs aldığını və bunun Barselonadan tamamilə fərqli hiss olunduğuna diqqət edib.
Arauxonun "Liverpul"a birdəfəlik keçidi barədə danışmağın hələ tez olduğu bildirilir, lakin klublar arasında 55 milyon avro məbləğində transfer haqqı ilə bağlı ilkin razılıq mövcuddur. Müqavilədə məcburi satınalma bəndi yoxdur və "qırmızılar" yekun qərarı mövsümün sonunda verəcəklər.













