"Sumqayıt"ın futbolçusu Aleksa Yankoviç "Turan Tovuz" klubuna transfer olunur.

Matc.az xəbər verir ki, tərəflər arasında aparılan danışıqlar uğurla yekunlaşıb və serbiyalı oyunçunun Tovuz təmsilçisinə keçidi barədə razılıq əldə olunub.

Əslən Serbiyadan olan 26 yaşlı cinah yarımmüdafiəçisi yeni klubu ilə 3 illik rəsmi müqavilə imzalayacaq. "Partizan"ın yetirməsi olan təcrübəli futbolçunun bu keçidi hücum xəttini gücləndirmək adına atılan ən ciddi addımlardan biri sayılır.

Aleksa Yankoviç 1 ildən artıqdır "Sumqayıt"ın şərəfini qoruyurdu və "kimyaçılar"ın heyətində meydana çıxdığı 14 rəsmi matçda 4 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Tovuz təmsilçisi bu transferlə kifayətlənmək niyyətində deyil və növbəti hədəf olaraq "Neftçi"nin ingiltərəli hücumçusu Bassala Sambu ilə yaxından maraqlanır. Tərəflər arasında transfer danışıqları hazırda da intensiv şəkildə davam etsə də, lakin hələlik yekun razılıq əldə olunmayıb.

Əslən İngiltərədən olan 28 yaşlı mərkəz hücumçusu ilə maliyyə və müqavilə şərtləri ətrafında müzakirələr aparılır. "Everton" yetirməsi olan təcrübəli forvardın keçidi reallaşarsa, bu addım "Turan Tovuz"un hücum potensialını daha da artıracaq.

Bassala Sambu ötən mövsümdən paytaxt təmsilçisi "Neftçi"nin şərəfini qoruyur və "ağ-qaralar"ın heyətində son mövsümdə ümumilikdə 11 qol, 1 məhsuldar ötürmə ilə yadda qalmağı bacarıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest