Qətərin "Əl-Qarafa" klubunun formasını geyinən Vladimir Vayss yenidən Slovakiya yığmasına qayıtmaq niyyətindədi. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, bunu 30 yaşlı hücumçu özü söyləyib.

Sonuncu dəfə ötən ilin oktyabrında Çexiya ilə qarşılaşmada millinin formasını geyinmiş Vayss AVRO-2020-nin seçmə mərhələsindəki son oyunlara dəvət gözlədiyini açıqlayıb.

Həmin vaxt yığmadan imtina edən futbolçu özünü Xorvatiya və Azərbaycanla qarşılaşmalarda baş məşqçi Pavel Hapalın ixtiyarında olmağa hazır hesab edir: "Fasilələr zamanı boş dayanmır, fərdi məşqlər edirəm. 30 yaşım olduğu üçün daha çox çalışmalı olduğumu bilirəm. Çünki milliyə qayıtmaq arzusundayam. Hazırda özümü daha cavan hiss edirəm. Ötən il bir daha Hapalın rəhbərliyi altında oynamayacağımı demişdim. O zaman hisslərimə hakim ola bilməmişdim. Bəzən belə hallar olur. Əgər Hapal komandaya kömək edə biləcəyimi düşünürsə, dəvəti müsbət qarşılayacam".

Karyerası ərzində "Mançester Siti", "Bolton", "Reyncers", "Espanyol", "Olimpiakos" kimi klubların formasını geyinmiş Vladimir Vayss 2014-cü ildən Qətərdə çıxış edir.

Qeyd edək ki, AVRO-2020-nin seçmə mərhələsində noyabrın 16-da Riyekada Xorvatiyanın qonağı olacaq Slovakiya yığması bundan 3 gün sonra Trnavada Azərbaycan millisini qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest