Veteran futbolçu, "Karvan", "Standard", "Xəzər Lənkəran" kimi klubları çalışdırmış Yunis Hüseynovun matc.az saytına müsahibəsi

- Premyer Liqada mövsümün ilk yarısı barədə təəssüratlarınız necədi?

- çempionatın səviyyəsi aşağıdı. Desəm ki, xoşuma gəldi, yalan olar. "Qarabağ"la "Neftçi"ni çıxmaq şərtilə digər komandalar eyni səviyyədədi. Ancaq bu iki komanda əcnəbi futbolçuları sayəsində seçilir. "Qarabağ"ın liderliyi qanunauyğunluqdu. "Neftçi"də stabillik çatmır. Buna görə də, "Neftçi"nin çempion olacağına inam yoxdu. Amma bu komandada oynadığım üçün "Neftçi"nin çempion olmasını istərdim. Digər klublardan "Zirə" qış fasiləsində heyətini gücləndirməyə başlayıb. "Qəbələ"dən oyunu çox xoşuma gələn Davit Volkovu transfer etdilər. Təbii ki, uğur qazanmaq istəyirsənsə, heyəti gücləndirməlisən. Mənə elə gəlir ki, bir az güclənsələr, "Keşlə", "Zirə" və "Sabah" ikinci yarıda daha yaxşı çıxış edəcək. Xüsusən də, "Sabah" maliyyə baxımından problemsiz klubdu və istənilən futbolçunu almaq gücünə malikdi. Yəqin ki, bu komanda da güclənəcək.

- Mövsümün əvvəlində "Neftçi" çempionluğa favoritlərdən sayılırdı və zəngin heyət yığmışdı. Ancaq paytaxt təmsilçisi ilk yarıda daha çox ikinci yer uğrunda yarışdı. "Neftçi" "Keşlə" ilə rəqabət aparacaq səviyyədədi?

- "Neftçi" futbolumuzun "flaqman"ıdı və hər il çempionluğa oynamalıdı. Keçmiş SSRİ ölkələrinin hərəsinin bir böyük klubu var. Məsələn, Rusiyada "Spartak", Ukraynada "Dinamo" nədisə, Azərbaycanda da "Neftçi" odu. Hazırda da cəmi 6 xallıq fərq var və heç kim deyə bilməz ki, "Qarabağ" yüz faiz çempion olacaq. "Neftçi" elə "Qarabağ"ı iki oyunda məğlub etsə, xallar bərabərləşəcək.

- Ancaq əksəriyyət "Neftçi"nin bu oyunla çempion olacağına inanmır...

- Bu fikirlə mən də razıyam. Azarkeşlər haqlı olaraq gileylənirlər ki, komanda stabil oyun sərgiləmir. Belədə də "Qarabağ"la mübarizə aparmaq asan deyil.

- "Keşlə"nin məhdud büdcə və heyətlə bu cür çıxışı sürpriz olmadı?

- Xeyr, sürpriz olmadı. Bayaq dediyim kimi, "Qarabağ" və "Neftçi" istisna olmaqla, digər 6 komanda eyni səviyyədədi. İştaha diş altda olur. Hər qələbə futbolçuya əlavə motivasiya, ruh yüksəkliyi verir. "Keşlə" də qələbə qazandıqca futbolçularda özünəinam artdı. Hər oyuna final kimi yanaşırlar. Nəticəsi də göz önündədi. 6 komandanın öz aralarındakı oyunlarda ən çox qalib gələn 3-cü yerdə olur. Məsələn, "Sabah"ın yaxşı heyəti var. Amma məğlubiyyətlər kollektivdə ruh düşkünlüyü yaradıb.

- Mövsümün əvvəlində ikinci yerdə olan "Səbail"də ciddi maliyyə problemi komandanı sonuncu pilləyə qədər endirdi. Artıq bu klubun dağılma təhlükəsi ilə bağlı söz-söhbətlər də yaranmağa başlayıb...

- Maliyyə olmayan yerdə heç bir məşqçi yaxşı nəticə verə bilməz. Məşqçi maliyyə olan yerdə nəticə vermirsə, o zaman onu günahlandırmaq olar. "Səbail"in ötən mövsüm durumu yaxşı idi, komanda Avropa Liqasında da çıxış etdi, əcnəbi futbolçuları var idi. Amma bu mövsüm futbolçular meydanda həvəssiz görünürlər. Bütün bunların kökündə maliyyə dayanır. "Səbail"in dağılması üzücü olar. Əksinə, komandaların sayının artmasını istəyirəm. "Səbail"də aparıcı futbolçular bir-bir gedir. Klub rəhbərliyi strategiyanı dəyişib, yerli gənclərlə mübarizə apara bilər. Dağılmasından bu yaxşıdı, amma belədə də səviyyə daha aşağı düşəcək.

- "Qarabağ"ın Avropa Liqasında qrupdan çıxa bilməməsi çempionatımızın səviyyəsi ilə nə qədər əlaqəlidi?

- Bilirsiniz, çempionatın səviyyəsi aşağı olduğundan, "Qarabağ"ın da gücü get-gedə zəifləyir. "Qarabağ" artıq neçə ildi ardıcıl qrupda iştirak edir. Ancaq bu komandada da dəyişiklik olmalıdı. Komandanın özəyini qoruyaraq, dəyişikliklər etmək yaxşı olar. çempionatın aşağı səviyyədə olmasının təsiri oldu. Amma qrupdan çıxmamaqda "Qarabağ"ın öz səhvi oldu. çünki hər şey öz əllərində idi. Onların qrupdan çıxmasına 90 faiz şans verilirdi. Ən böyük səhvləri APOEL-lə hər iki matçda xal itirmələri oldu. Halbuki burda qalib gəlməli idi. Bu cür qrupdan çıxa bilməmək onların öz səhvləridi.

- Birillik fəaliyyətdən sonra millimizin baş məşqçisi Nikola Yurçeviç yola salındı və Robert Prosineçkinin dönüşü gündəmdədi. Siz yığma barədə nə düşünürsünüz?

- Yığmanın builki çıxışı heç kimin xoşuna gəlmədi. Qrupda 1 xal toplamaq çox pis nəticə idi. Mən həmişə yerli mütəxəssisin tərəfdarı olmuşam. Yerli məşqçi futbolçuların da psixologiyasını yaxşı bilir.

- Yerli məşqçilərdən kimi təklif edərdiniz? Məsələn, biri siz özünüz...

- Mən həmişə hazıram. İndi hamı özünü reklam edir. Azərbaycanda yığmada çalışacaq səviyyədə məşqçilər var. Heç kimdən də əskik deyillər. Əgər məni nəzərdə tutursunuzsa, təcrübəm var və millidə çalışmağa hər zaman hazıram.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest