Yanvarın 11-də Antalyaya təlim-məşq toplanışına yollanan "Neftçi" heç də tam heyətlə hazırlıq keçmir. Matc.az saytının məlumatına görə, yarımmüdafiəçi Dario Frederiko komandanın məşqlərinə qatılmayıb.

Buna səbəb braziliyalı vingerin baş məşqçinin qərarına əsasən Bakıda qalmasıdı. Məsələ burasındadı ki, Dario istirahətdən sonra Bakıdakı məşq zamanı dava salıb, baş məşqçi Roberto Bordinin ünvanına təhqir işlədib. Məhz bu səbəbdən rəhbərlik onun ölkədə qalmasını məqsədəuyğun bilib.

"Sambaçı"nın niyə belə intizamsızlığa yol verməsinin səbəbi də bəllidi. Sən demə, Dario "Neftçi"ni tərk etmək niyyətində olduğu üçün bilərəkdən bu addıma əl atıb. çünki braziliyalı meneceri ona yeni komanda da tapıb. Müxtəlif variantları olan hücumameyilli futbolçunun "ağ-qaralar"la vidalaşacağı artıq dəqiqdi. "Neftçi"nin onu icarəyə verməsi də istisna edilmir.

Xatırladaq ki, ötən il bu vaxt da Dario ilə bağlı eyni vəziyyət yaranmışdı. Həmin vaxt Cənubi Koreya klubu "Daequ"dan astronomik məbləğdə maaş təklifi alan futbolçu göndərilməsi üçün həm baş məşqçi, həm də rəhbərliklə dava salmışdı.

Qeyd edək ki, Dario Frederikonun "Neftçi" ilə müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest