“Tovuzdakı qarşılaşmada istədiyimiz oyunu sərgiləyə bilmədik. Həddindən artıq çox səhvə yol verdik”. Matc.az xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət Xorvatiyanın “HAOK Mladost” (Zaqreb) klubunun üzvü Mirta Froindin deyib.

CEV Çempionlar Liqasının təsnifat mərhələsində “Turan”ın qonağı olan Xorvatiya təmsilçisi Tovuzdan məğlubiyyətlə qayıtsa da, komanda daxilində mübarizə əhval-ruhiyyəsi qorunub saxlanılır. Komandanın aparıcı simalarından biri olan blokçu oyunun gedişini və buraxılan səhvləri dəyərləndirib.

"Düzdü, Tovuzda istədiyimiz kimi oynaya bilmədik. Lakin bu o demək deyil ki, hər şey pis idi. İlk setdə göstərdiyimiz müsbət məqamlar, döyüşkən epizodlar nəzərdən qaçırılmamalıdır. Biz həmin müsbət məqamları əsas götürməli və üzərimizdə daha çox işləməliyik”.

Voleybolçu bildirib ki, Çempionlar Liqasının əsas mərhələsində oynamaq təcrübəsini yenidən yaşamaq və bu nüfuzlu turnirdə yenidən adından söz etdirmək əzmindədirlər. Daha əvvəl qazandıqları avrokubok təcrübəsinin onlar üçün böyük motivasiya mənbəyi olduğunu vurğulayan Froind Zaqrebdə keçiriləcək cavab görüşü öncəsi inamlı danışıb:

“Biz daha əvvəl də Çempionlar Liqasına vəsiqə qazanmışıq və bu unikal təcrübəni yenidən yaşamaq, komandamızın potensialını Avropaya göstərmək istəyirik. Hələ heç nə bitməyib. Zaqrebdə, öz azarkeşlərimizin dəstəyi ilə tamamilə fərqli və daha yaxşı mübarizə aparacağımıza inanırıq. Klub rəhbərliyi və məşqçilər korpusu da qısa müddət ərzində səhvləri təhlil edərək cavab matçına hazırlaşır”.

Qeyd edək ki, komandalar arasında cavab oyunu oktyabrın 29-da Zaqrebdəki “Dom odbojke” idman zalında baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest