“Təəssüf ki, qarşılaşmanı izləyə bilmədim, çünki hazırda Albaniyada deyiləm”. Bu sözləri matc.az saytının əməkdaşına “Xəzər Lənkəran” klubunun sabiq futbolçusu Elvir Beqiri deyib.

Azərbaycan yığması Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Kiprlə ev oyununu dünən Albaniyada keçirdi. Bu səbəbdən Beqirinin Vətənində baş tutan görüşə yaxından maraq göstərəcəyi gözlənilirdi. Amma Elvin səfərdə olduğundan qarşılaşmanın yalnız bir neçə epizoduna baxa bilib: “Albaniyanın 17 yaşadək futbolçulardan ibarət komandasının məşqçisiyəm. Boş vaxtlarda Avropanın müxtəlif ölkələrinə təlimlərə getməyə çalışıram və hazırda Portuqaliyadayam. Millinizin Kiprlə görüşünün yalnız bəzi epizodlarına baxmışam. Komandanız yaxşı oynasa da, bəxti gətirmədi. Üstəlik, Qara Qarayev penaltidən yararlana bilmədi”.

Azərbaycan xalqına sonsuz hörmətinin olduğunu deyən Beqiri son vaxtlar ermənilərlə təmas xəttindəki vəziyyət haqda da danışıb: “Azərbaycan mənim üçün doğma ölkədir.

Əlbəttə ki, dünyanın müxtəlif bögələrində müharibə olduğunu eşitməkdən xoşum gəlmir: xüsusən, futbol oynadığım, Azərbaycan xalqı kimi yaxşı, sevgi dolu və dinc insanlarla görüşdüyüm ölkədən söz düşəndə”.

Karyerasının ən yaxşı vaxtlarının ölkəmizdə keçdiyini deyən Elvinin “Xəzər Lənkəran”da çıxış etdiyi dövrdə yaddan çıxmarmayacağı görüşlər də var: “Karyeramın ən yaxşı dövrünü Azərbaycanda keçirdim. Özümü Albaniyada olduğu kimi hiss etdim. Ölkənizə, sizin insanlara alışmaq mənim üçün çətin deyildi. “Xəzər Lənkəran”da oynadığım 2,5 il mənim və komanda üçün həqiqətən uğurlu zaman idi. Heyətimizdə səviyyəli futbolçular yer almışdı. Bizi necə düzgün hazırlayacağını bilən yaxşı məşqçilərimiz var idi. Bizə maksimum imkanlar verirdilər. Rəhbərlik komanda üçün əlindən gələnin ən yaxşısını edirdi. Azarkeşlərə gəlincə, istər oyundan əvvəl, istər sonra çox enerjili olurdular. Çox yaxşı görüşlər keçirdik, amma yadımda qalanı “Neftçi” ilə oyundu. Ruisin vurduğu qolla 1:0 hesablı qələbə qazandıq. Həmin görüşdə komanda ilə yanaşı, azarkeşlərin hamısı zövq aldıq”.

Beqiri ölkə kubokunun finalında “Bakı” ilə görüşü də yaddan çıxarmayıb: “1:2 hesabı ilə uduzduğumuz görüş yadıma düşəndə, o qədər gülürəm ki... Rəqib futbolçu “Fair Play” qaydalarına əməl edib, topu qapıçımız Kamran Ağayevə ötürdü. Amma top sıçrayıb qapıçının başının üstündən qapıya daxil oldu.Biz hakimə etiraz etsək də, heç nə dəyişmədi. Amma hər dəfə o anı xatırlayanda öz-özümə gülürəm ki, qapımızdan necə top buraxdıq”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest