Futbol üzrə İtaliya millisinin və “Roma”nın sabiq hücumçusu Françesko Totti koronavirusa qalib gəlib.
 
Matc.az xəbər verir ki, bu barədə 44 yaşlı keçmiş futbolçu sosial şəbəkə hesabında məlumat yayıb.
 
Bu ayın əvvəlində halsızlıq və qızdırma hiss etdikdən sonra testdən keçən Tottidə COVİD-19 aşkarlanmışdı. Onunla yanaşı, həyat yoldaşı İlari Blazinin də testi müsbət nəticə vermişdi. Tottinin sözlərinə görə, xəstəliyi ağır keçirib. Lakin həkimlərin səyi nəticəsində o, tamamilə sağalmağı bacarıb.
 
Xatırladaq ki, ötən ay Françesko Tottinin atası Enzo Totti koronavirusun yaratdığı fəsadlardan sonra dünyasını dəyişmişdi.
 
Françesko Totti peşəkar karyerası ərzində 1992-2017-ci illər aralığında "Roma"nın formasını geyinib. O, İtaliya yığması ilə 2006-cı ildə dünya çempionatının qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest