"Komandanın hazırlığı pis getmir. Futbolçuların fiziki durumu pis deyil. Hərçənd, tam yaxşı da demək olmaz. Amma hələ çempionat matçına bir həftə var. İnanıram ki, yanvarın 21-dək hər bir futbolçu daha yaxşı vəziyyətə gələcək".
 
Matc.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov qış təlim-məşq toplanışı barədə danışarkən deyib.
 
49 yaşlı mütəxəssis bildirib ki, oyunçuların hazırlıq səviyyələrində fərqlər var: "Bəzi futbolçuların performansı daha yaxşıdır, digərlərinin isə bir az aşağıdır. Maksimum çalışırıq ki, bunları tezliklə aradan qaldıraq və futbolçular oyuna bacardığımız qədər hazır formada çıxsınlar".
 
Qurbanov həmçinin transferlərlə bağlı problemlərin mövcudluğunu diqqətə çatdırıb: "Bir neçə transfer etmək istəyimiz də, bu günədək gerçəkləşməyib. Lakin hələ transfer müddəti davam edir. Həmişə demişik ki, qış dönəmində transfer etmək asan deyil. Amma son bir il ərzində bu, pandemiyaya görə daha da çətinləşib. Bəzi çempionatlar dayandığına görə dünya futbolunda problemlər var. İstənilən halda daim hər hansı transferi gerçəkləşdirmək niyyətindəyik. Düzdür, aınacağı real görünmür, amma passiv durmamışıq, daim futbolçularla maraqlanırıq və danışıqlar gedir". Baş məşqçinin sözlərinə görə, indiyədək transferlər edə bilməmələrinin fərqli və bir çox səbəbi va: "Biz istəyirik, lakin özümüzdən asılı olmayan səbəblər var".
 
Qeyd edək ki, "Qarabağ" Azərbaycan Premyer Liqasnın XIV turunda "Sabah"ın qonağı olacaq. Görüş yanvarın 21-də "Bank Respublika Arena"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest