Son illər çempionluğu "bron" edən "Qarabağ"dan bu mövsüm daha asan çempionluq gözlənilirdi. Bu da rəqiblərin ildən-ilə zəifləməsindən qaynaqlanır.

Ancaq komandanın yenə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanması, üstəlik, Qurban Qurbanovun eyni zamanda millinin "sükanı arxası"nda olması Ağdam təmsilçisinə müxtəlif maneələr yaratdı. Nəticədə futbolçular, xüsusən də, Topaz Premyer Liqasına lazımi səviyyədə köklənə bilmədi.

Əslində Qurbanovun il ərzində çiyinlərindəki yükün ağır olduğunu nəzərə alsaq, "Neftçi" daha böyük fərqlə öndə olmalı idi. Məşqçilər korpusunun və futbolçuların bir neçə cəbhədə yarışmasını, işin ağırlığını, təzyiqləri göz önünə gətirsək, "Neftçi"nin qış fasiləsinə cəmi 3 xal fərqi ilə öndə yollanması əslində, "Qarabağ" üçün uğursuzluq sayılmamalıdı. Hələ VIII turda "Səbail"lə görüşdə texniki məğlubiyyət olmasaydı, ağdamlılar hazırda liderliyi bölüşürdü. Qurban Qurbanovun millidən ayrılması və avrokuboklardakı mübarizənin başa çatması "Qarabağ"ın ikinci yarıda işini xeyli asanlaşdıracaq.

O ki qaldı yay transferlərinə, ən səs-küylü keçid Hannes Halldorsson oldu. Dünya çempionatında Messinin penalti zərbəsini qaytarmaqla məşhurlaşan qolkiper İbrahim Şehiçin boşluğunu doldurmalı idi. Az sonra daha bir əcnəbi qapıçı - Vaqner da Silva transfer edildi. Ancaq mövsüm boyu onlardan heç biri "1 nömrə"yə çevrilə bilmədi. Çərçivəni gah Vaqner, gah Halldorsson, gah da Şahruddin Məhəmmədəliyevə tapşıran məşqçilər korpusu əcnəbi qapıçılardan istədiyini ala bilmədi. Braziliyalı ilə islandiyalı səhvə yol verdikcə çərçivəni bir-birinə ötürürdü. Şahruddin isə daha çox daxili yarışlarda qapıda dayandı. Prinsipcə, Vaqner-Halldorsson cütlüyü Şehiçi layiqincə əvəz edə bilmədi.

"Astana"ya keçən Riçard Almeyda və icarə müddəti başa çataraq orda da ona komanda yoldaşı olan Pedro Enrikenin boşluğunu doldurmaq mümkün olmadı. Simeon Slavçev və Filip Ozobiç orta sahədəki problemi həll etmək üçün transfer edildi. Ancaq görünən odu ki, onlar Riçard səviyyəsindən uzaqdılar. Yalnız ilk yarının sonlarına yaxın xorvatiyalının yaxşı forma yığdığını vurğulamaq lazımdı. Pedronun yerinə gətirilən Abdullah Zubir braziliyalı qədər olmasa da, səviyyəli futbolçu olduğunu ilk gündən ortaya qoydu. Ancaq fransalı qol yollarında sələfi kimi sərrast olmadı.

"Qarabağ"da ilk yarının ən uğursuz transferi, şübhəsiz ki, Con Delarj oldu. Konqolu hücumameyilli oyunçu nə avrokuboklarda, nə də çempionatda özünü doğrulda bildi. Həmçinin yenidən Ağdam klubuna qayıdan İnnosent Emeqara da əvvəlki formasından çox uzaqdı. Məhz ön xətt oyunçularının, xüsusən də, Avropa arenasındakı "dişsiz"liyi bir çox oyunda "Qarabağ"a qol yollarında başağrısı oldu. "Panionios"dan icarəyə götürülən Araz Abdullayev əksər hallarda hücumun mərkəzində oynasa da, tipik hücumçu olmaması öz sözünü deyirdi.

Yayda komandadan ayrılan yerlilərin isə heç birinin yoxluğu hiss olunmadı. Rahil Məmmədov isə gedənlərdən nədəsə fərqlənmədi.

Avrokubok matçları ucbatından Qurban Qurbanov bəzi çempionat oyunlarında ehtiyat qüvvəyə şans verirdi. Bunun nəticəsidi ki, baş məşqçi düz 24 futbolçunun xidmətindən yararlanıb. Ancaq yəqin ki, yeni ildən bu say məhdudlaşacaq və "Qarabağ" bütün diqqətini çempionata yönəldəcək. Bu amil də onun çempionluq yolundakı əsas rəqibi "Neftçi"nin işin xeyli çətinləşdirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest