"Türkiyə ilə Azərbaycan arasında çox gözəl münasibətlər var. Bu iki ölkənin insanları arasında fərq qoyulmur". Matç.az saytının məlumatına görə, bunu "Sumqayıt"ın hücumçusu Atilla Yıldırım deyib.

Cari mövsümün əvvəlində "Mastrixt"dən "Sumqayıt"a transfer olunan 28 yaşlı forvard Hollandiya mətbuatına geniş müsahibə verib. "Utrext"in yetirməsi yalnız yerli futbolçuların cəmləşdiyi "gənclik şəhəri" təmsilçisinə qəbul olunmasının səbəbini açıqlayıb: "Azərbaycanda məni öz övladları kimi qarşıladılar. Nənə-babalarım zamanında Sivasa Qarsdan köç ediblər. Qarsda isə çox azərbaycanlı yaşayır. Bu səbəbdən klub prezidenti əslən azərbaycanlı ola biləcəyimi düşünərək, müqavilə imzalamağıma razılıq verdi".

Yıldırım "Sumqayıt"ı karyerası üçün tramplin hesab edir: "Sumqayıt" təcili hücumçu axtarışına çıxmışdı və mənim keçidim 1-2 gün ərzində həll olundu. "Utrext"in əsas komandasında keçirdiyim 2 oyunu nəzərə almasaq, yüksək səviyyəli oyunlarda iştirak etməmişdim. 27 yaşım olduğundan, artıq bu mərhələyə başlamalı olduğumu düşündüm. Bolqarıstan və Rumıniyadan təkliflər var idi, ancaq onlar konkret deyildi. Ardından Azərbaycandan təklif aldım və dedim ki, niyə də olmasın? İndi 20 yaşımda deyiləm və böyük imkanlar var. Yaxşı oynayacağın təqdirdə, daha güclü kluba keçmək şansın da olur. Klubla 1 illik müqavilə imzalasam da, qarşıdakı illəri Bakıda keçirəcəyimi düşünürəm. Azərbaycan çempionatında olduqca yüksək səviyyəli klublar var. Məsələn, "Qarabağ" və "Qəbələ" illərdi Avropa Liqasında mübarizə aparırlar".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest