ölkə çempionatının lideri "Neftçi" Antalyadakı təlim-məşq toplanışını böyük hesablı qələbə ilə başa vurdu. "Flaqman"ın rəqibini heç də zəif adlandırmaq olmaz. Əlbəttə, "Ludoqorets", çSKA və "Levski" kimi nəhənglərlə müqayisəyə gəlməsə də, "Beroe" kifayət qədər normal komandadı. Bolqarıstan çempionatında 4-cü pillədə qərarlaşması da təsadüf deyil. Odu ki, "Neftçi"nin aşkar üstünlüyü nəticəsində qazanılan qələbəni kiçiltmək haqsızlıqdı. Yoxlama oyunu olsa belə.


Futbolsevərlərimiz qarşılaşmanı maraqla gözləsə də, "Neftçi" canlı yayım etmədi. Səbəb kimi də, baş məşqçi Roberto Bordinin "Qarabağ"la vacib qarşılaşma öncəsi komandasının oyununu rəqiblərinin görmək istəməməyini əsas gətirdilər. Amma bolqarların youtube kanalı vasitəsilə hamı oyunu canlı izləyə bildi...

İlk dəqiqələrdən inamlı təsir bağışlayan təmsilçimiz Dario Frederikonun erkən qolları ilə hesabda 2:0 önə keçdi. Daha sonra Baqali Dabo fərdi ustalığını ortaya qoyub möhtəşəm qola imza atdı. Bordinin yetirmələri birinci hissəni daha böyük hesabla bitirməyə yaxın idi. Təəssüf ki, əməliyyatdan sonra yeni-yeni formasını bərpa etməyə başlayan Emin Mahmudovun penalti zərbəsini qapıçı qaytara bildi.

İkinci hissə də "ağ qaralar"ın üstünlüyü ilə keçdi. Yeni transfer Vangelis Platellasın rəqib qolkiperin irəli çıxdığını görüb, təxminən mərkəz dairəsindən vurduğu qolu isə kiçik şedevr adlandırmaq olar.  Oyunun ən yaddaqalan məqamı isə "Neftçi"nin kapitanı Ruslan Abışovun ağır zədə və əməliyyatdan sonra uzun müddətli fasilənin ardından yenidən yaşıl meydana dönüşü oldu. Kapitan demək olar ki, ilk topa toxunuşunda qol vura bilərdi. Təəssüf ki, Abışovun yerinə yetirdiyi cərimə zərbəsindən sonra top qapı dirəyinə dəyib geri qayıtdı.

Bordinin təlim-məşq toplanışının sonunda, nəhayət optimal əsas heyət qurduğunu vurğulamalıyıq. çox güman, "Qarabağ"la oyunda da əsas heyət bu futbolçulardan ibarət olacaq. Yeganə dəyişiklik bolqarlarla qarşılaşmada bir qədər inamsız görünən Məhəmməd Mirzəbəyovun Tural Axundovla əvəzlənməsi ola bilər. ömər Buludov çoxdan əsas heyətdə oynamağı haqq edib. Nəhayət, deyəsən Bordin də klubun gənc yetirməsinin əsas heyətə layiq olduğunu anlayıb. Platellasın gəlişi və Darionun yaxşı forma yığmasından sonra çox güman, ehtiyat skamyanın daimi üzvlərinə çevriləcək Rəhman Hacıyev və Namik Ələskərov hər an oyunun gedişini dəyişəcək potensialda futbolçulardı. ümumiyyətlə, "Neftçi"nin yarımmüdafiə xəttində mövsümün sonunadək heç bir problem gözlənilmir.

Əsas ciddi problem müdafiə və hücumdadı. Belə ki, ehtiyatda Mirabdulla Abbasovu əvəzləyəcək hücumçu yoxdu. Amma deyilənə görə, yeni transfer məhz forvard olacaq. Belədə Dabonun da lazım gələndə hücumçu kimi oynamaq bacarığını nəzərə alsaq, bu xəttə ciddi problem gözlənilmir.

Eyni sözləri qapıçılar haqda da deyə bilərik. Hər 3 qapıçı - Səlahət Ağayev, Aqil Məmmədov və Kamran İbrahimova bu məsuliyyətli işi etibar etmək olar.  Amma müdafiə haqda eyni əminliklə danışmaq çətindi. Həm Kiril Petrov, həm də Mamadu Mbodj etibarlılığı ilə seçilmir. Düzdü, yeni transferin səviyyəsi haqda danışmaq bir qədər tezdi, amma yoxlama oyunları bu futbolçunun, həmçinin digər yeni transfer Mamadu Kanenin "Neftçi" səviyyəsinə uyğun gəlib-gəlməsi haqda ciddi şübhə və sual yaradır.

Qeyri-sabitliyi ilə seçilən Anton Krivotsyuk haqda da eyni fikirləri söyləmək olar. Müdafiənin mərkəzində yeganə ümid kapitan Ruslan Abışovadı. Amma onun da "Qarabağ"la oyuna kimi formasını tam bərpa edib etməyəcəyi bilinmir. Sağ cinah müdafiə xəttində güclənməyə ehtiyacı olmayan yeganə mövqedi. Amma eyni sözləri sol cinah haqda demək olmur. "Neftçi"nin heyətinin tam komplektləşməsi üçün bir qolçu hücumçu, bir mərkəz və bir sol cinah müdafiəçisi ilə güclənməyə ehtiyacı var. Kaş mamadulara çəkilən xərc bu dəqiq transferlərə çəkiləydi...

Amma baş məşqçi nə qədər qəribə görünsə də, transferlərə qarışmadığını deyir. Bu həm də o deməkdi ki, baş məşqçi çempionluq olmasa, buna görə heç bir məsuliyyət daşımayacaq...

"Neftçi"nin çempionluq yolunda yeganə rəqibi "Qarabağ"ın da oxşar problemləri var. Yox, Qurban Qurbanov bütün transferlərə özü qərar verir, yəni peşəkarlıq baxımından burda hər şey qaydasındadı. Amma "Neftçi" kimi "Qarabağ"ın da müdafiəsi bərbad durumdadı. üstəlik, ağdamlıların hər üç qapıçısı etibarlılığı ilə seçilmir. Təsadüf deyil ki, Qurban Qurbanov Rəşad Sadıqovun U-21-dən yaxşı tanıdığı istedadlı Kamran İbrahimovu "Neftçi"dən ələ keçirmək istəyirdi. Amma olmadı. Və indi Qurbanov ya İbrahim Şehiçi də geri qaytarmalı, ya da onun kimi güvəniləcək bir qapıçı tapmalıdı. Geri qaytarılmalı futbolçular sırasında Pedro Enrike və Dino Ndlovunun da adını çəkə bilərik.

"Qarabağ" əvvəlki qüdrətini qaytarmaq üçün bu futbolçuların özləri olmasa da, ən azı onlar qədər səviyyəli oyunçular tapmalıdı. özü də təcili! çünki, "Neftçi" ilə oyunda məğlubiyyət böyük ölçüdə çempionluğun əldən getməsi demək olacaq.

"Qarabağ"ın və "Neftçi"nin Antalyadakı son oyunları liderin çempiondan yalnız xal hesabında üstün olmadığını göstərir. Doğrudu, Roberto Bordinin komandasında da göz oxşayan oyun və ya hansısa xüsusi dəst-xətt müşahidə olunmur. İstənilən halda, bütün suallara fevralın 3-ü yaşıl meydanda aydınlıq gələcək. Amma hələlik görünən budu ki, çempionatımızın iki ən güclü komandası ən azı heyətlərin komplektləşməsi baxımından yaxşı vəziyyətdə deyil. Mövsümün finala dəyən "6 xallıq oyun"unu gözləməyə isə çox qalmayıb.

Bəlkə də, çempionluğun taleyinə aydınlıq gətirəcək qarşılaşmaya cəmi bir həftə var. Bu müddətdə hansı klub zirək tərpənib heyətini səviyyəli futbolçularla gücləndirə bilsə, yəqin ki, çempion da o olacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest