Böyük Britaniyanın Mançester şəhərində keçirilən taekvondo üzrə Avropa çempionatı davam edir. Matc.az xəbər verir ki, bu gün Azərbaycanın daha 4 taekvondoçusu mübarizəyə qoşulub.
 
68 kq çəki dərəcəsində çıxış edən Cavad Ağayev 1/16 finalda sloveniyalı Lin Kovaçiçlə üz-üzə gəlib və 10:2 hesablı qələbəyə sevinib. İdmançımız daha sonra macarıstanlı Levent Jozsanı da 9:2 hesabı ilə məğlub edib. Lakin növbəti rəqibinə - ispan taekvondoçu Xavyer Perezə minimal fərqlə (7:8) məğlub olan Cavad çempionatı medalsız başa vurub.
 
80 kq-dakı Taleh Süleymanov ilk rəqibi Fərzad Mansuriyə (RTA) 14:21 hesabı ilə məğlub olaraq yarışla erkən vidalaşıb.
 
Qadın taekvondoçulardan 46 kq-dakı Minayə Əkbərova 1/8 finalda polşalı Mixal Zrihenlə, 67 kq-dakı Fəridə Əzizova eyni mərhələdə türkiyəli Mervenur Evci ilə qarşılaşıb. Minayə 18:30 hesabı ilə məğlub olaraq turnirlə erkən vidalaşıb. Fəridə isə Türkiyə idmançısına 6:4 hesabı ilə qalib gəlib. Lakin növbəti mərhələdə o da fransalı Magda Heninlə qarşılaşmadan məğlub ayrılıb – 17:18.
 
Bu gün həmçinin Azərbaycanın bir parataekvondoçusu da qüvvəsini sınayıb. 80 kq-dakı Əbülfəz Abuzərlinin ilk rəqibi meksikalı Luis Najera olub. Parataekvondo üzrə Avropa çempionatı digər qitələr üçün də açıqdır. Abuzərli Meksika təmsilçisinə məğlub olduğu üçün yarışla erkən vidalaşıb.
 
Xatırladaq ki, Azərbaycan yarışda 13 taekvondoçu və 5 parataekvondoçu ilə təmsil olunur. Daha əvvəl parataekvondoçulardan 70 kq-dakı İmaməddin Xəlilov gümüş, 58 kq-dakı Sabir Zeynalov bürünc medal əldə edib. 
 
çempionat mayın 22-də başa çatacaq. Son yarış günündə daha dörd idmançımız - Fatimə Məcidova (57 kq), Eltac Qafarov (74 kq), Radik İsaev (87 kq yuxarı) və parataekvondoçu Sadiq Həmidov (K-44 63 kq) mübarizəyə qatılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest