“Seçmə mərhələyə belə başlamağımızdan məmnun olmalıyıq”. Matc.az xəbər verir ki, bunu Monteneqro U-19 millisinin baş məşqçisi Nenad Vukçeviç deyib. 
 
O, Azərbaycan yığmasını 7:2 hesabı ilə məğlub etdikləri oyundan sonra fikirlərini bölüşüb.
 
Monteneqro Futbol Federasiyasının rəsmi saytına danışan mütəxəssis komandasının xüsusilə ilk hissədəki çıxışından razı qaldığını bildirib:
“İlk yarıda çox yaxşı oynadıq. Hücumda yaratdığımız imkanların demək olar ki, hamısını qolla nəticələndirdik, topa tam nəzarət etdik və yaxşı kombinasiyalar qurduq. İkinci hissədə tempi bilərəkdən aşağı saldıq və komandanı təzələmək üçün bir neçə əvəzetmə etdik. Bu dəyişikliklər hesabın dəyişməsinə təsir göstərmədi. Oyunun yeganə mənfi tərəfi aldığımız sarı vərəqələr oldu. Bu, mümkün diskvalifikasiya səbəbindən növbəti matçda problem yarada bilər”.
 
O bildirib ki, indi əsas diqqəti Farer adaları ilə oyuna yönəldəcəklər: “Rəqibin fiziki cəhətdən yaxşı hazırlaşdığını bilirik. Texniki baxımdan daha üstün olduğumuzu düşünürəm, lakin hər şeyi meydan göstərəcək. Ümid edirəm ki, növbəti görüşdə də bugünkü oyundakı yanaşmamızı və ciddiyyətimizi qoruyacağıq”.
 
Qeyd edək ki, Azərbaycan U-19 millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda növbəti oyununu noyabrın 14-də Serbiya yığmasına qarşı keçirəcək. Monteneqro isə həmin gün Farer adaları ilə üz-üzə gələcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest