12 Noyabr 2026, 11:32
FUTBOL
UEFA Millətlər Liqasının qrup mərhələsində sabah keçiriləcək Lixtenşteyn – Azərbaycan qarşılaşması yerli və Avropa mətbuatının diqqət mərkəzindədir. Matc.az xəbər verir ki, yerli nəşrlər qarşılaşma öncəsi milli komandanın heyətindəki itkilərdən, baş məşqçi Konrad Fünfştükün planlarından və Azərbaycan yığmasının turnirdəki çıxışından yazıblar.
Lixtenşteynin lie:zeit nəşri Azərbaycanla görüşü yerli komanda üçün xal qazanmaq baxımından növbəti fürsət kimi dəyərləndirib. Nəşr xatırladıb ki, komandalar arasında oktyabrın 1-də Bakıda keçirilən ilk qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb. Lixtenşteyn yığması bu dəfə doğma meydanda da xal qazanmağa ümid edir.
Yerli mətbuatın diqqət çəkdiyi əsas məqamlardan biri isə komandanın heyətindəki itkilərdir. Landesspiegel nəşrinin məlumatına görə, baş məşqçi Konrad Fünfştük Azərbaycan və Litva ilə oyunlarda bir neçə əsas futbolçusunun xidmətindən yararlana bilməyəcək. Bu səbəbdən heyətə iki yeni futbolçu – müdafiəçi Yonas Abidi və qapıçı Tim-Tiado Öhri dəvət olunub.
Nəşr bildirir ki, Lars Traber iş qrafiki ilə əlaqədar millinin düşərgəsinə qoşula bilməyib. Bundan başqa, üç futbolçu zədə səbəbindən komandaya kömək edə bilməyəcək. Fünfştük itkilərlə bağlı danışarkən kiçik ölkələrin belə hallarda daha çox çətinliklə üzləşdiyini vurğulayıb: “Kiçik ölkədə hər bir itkinin təsiri ikiqat hiss olunur”. Bununla belə, mütəxəssis digər futbolçuların özlərini göstərmək və daha böyük məsuliyyət götürmək imkanı qazandığını bildirib.
Baş məşqçi Azərbaycanla ilk oyunun nəticəsinə də toxunub. Onun sözlərinə görə, Bakıda qeydə alınan 0:0 hesabı rəqib üçün arzuolunmaz nəticə olub və Azərbaycan yığmasının Vaduzda daha əzmkar, taktiki baxımdan isə fərqli oyun sərgiləyəcəyini gözləyir.
Avropanın Sports Mole nəşri də qarşılaşma ilə bağlı geniş təhlil yayımlayıb. İngiltərə portalı Azərbaycan millisinin son dövrlərdəki nəticələrini müsbət qiymətləndirib və komandanın bu il keçirdiyi səkkiz oyunda cəmi bir dəfə məğlub olduğunu diqqətə çatdırıb. Nəşr həmçinin Ayxan Abbasovun rəhbərlik etdiyi kollektivin Millətlər Liqasında məğlubiyyətsiz irəlilədiyini vurğulayıb.
Sports Mole Azərbaycan millisinin kapitanı Emin Mahmudovun yenidən start heyətinə qayıda biləcəyini, Mahir Emrelinin isə hücum xəttində əsas fiqur olacağını ehtimal edib. Portal qarşılaşmanın yekun hesabı ilə bağlı proqnozunda Azərbaycan yığmasının 1:0 hesablı qələbə qazanacağını gözlədiyini yazıb.
Qeyd edək ki, Lixtenşteyn – Azərbaycan qarşılaşması noyabrın 13-də Vaduz şəhərindəki “Rheinpark” stadionunda keçiriləcək. Bakı vaxtı ilə saat 23:45-də başlayacaq görüş Azərbaycan millisi üçün qrup mərhələsinin sonuncu oyunu olacaq.













