Amerika Birləşmiş Ştatları Qətərdə təşkil olunacaq 17 yaşadək futbolçular arasında Dünya çempionatında iştirak etməyəcək. Matc.az xəbər verir ki, buna təhlükəsizliklə bağlı narahatlıqlar səbəb olub.
 
USA Today nəşri yazır ki, bu qərar Yaxın Şərqdə gərginliyin artması və Qətər yaxınlığındakı sularda gəmilərlə bağlı baş verən insidentlərlə əlaqədardır. Hazırda ABŞ Dövlət Departamenti Qətərlə bağlı 3-cü səviyyəli səyahət xəbərdarlığı tətbiq edir. Bu xəbərdarlıq silahlı münaqişə riski səbəbindən vətəndaşları səyahət planlarını yenidən nəzərdən keçirməyə çağırır.
Məsələ ilə bağlı hələlik geniş rəsmi bəyanat verilməsə də, ABŞ Futbol Federasiyasının oyunçulara göndərdiyi məktubda qərarın səbəbləri belə izah olunub:
 
“Oyunçularımızın və məşqçilərimizin ABŞ-ı Dünya çempionatında təmsil etmək üçün göstərdikləri hazırlıq səyləri ilə fəxr edirik. Təəssüf ki, mövcud şəraiti – o cümlədən ABŞ Dövlət Departamentinin 3-cü səviyyəli səyahət xəbərdarlığını və səfirlik əməkdaşları ilə onların ailə üzvlərinə verilən müvafiq göstərişləri nəzərə alaraq, turnirdə iştirak edə bilməyəcəyik”.
 
Qeyd edək ki, U-17 Dünya çempionatının 19 noyabr – 13 dekabr tarixlərində Qətərin paytaxtı Dohada keçirilməsi planlaşdırılır. Turnir reqlamentinə əsasən, FİFA yarışdan geri çəkilən yığmanı digər bir komanda ilə əvəzləmək hüququnu özündə saxlayır.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest