Yunanıstanın "Olimpiakos" klubunun daha bir futbolçusu Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyundan əvvəl zədələnib. Matc.az xəbər verir ki, hücumçu Yussef Əl-Arabi ölkə çempionatının 6-cı turu çərçivəsində baş tutan "Atromitos"la ev oyununda (2:0) sıradan çıxıb.
 
Fasilədə əvəzlənən mərakeşli forvardın yerinə meydana Matye Valbuena daxil olub. Pirey təmsilçisinin həkimlərinin ilkin rəyinə əsasən, Əl-Arabinin sağ dizinin yan bağlarında problem aşkarlanıb. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil. ölkə çempionunun digər hücumçusu Hvan Uy Co da zədə səbəbindən bu matçda meydana çıxmayıb.
 
Bununla da "Olimpiakos"da zədəli futbolçuların sayı 5-ə çatıb. Daha əvvəl müdafiəçilər Usseynu Ba, Panayotis Retsos və Tomaş Vatslikin Ağdam klubuna qarşı oynamayacağı bəlli idi.
 
Xatırladaq ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest