AVRO-2024-ün seçmə mərhələsinin hazırlığına başlayan Azərbaycan millisi ilk yoldaşlıq görüşünü səfərdə Moldovaya qarşı keçirdi. Matc.az saytının məlumatına görə, azarkeşlərin iki fərqli hissə izlədiyi Kişinyovdakı görüşdə komandamız rəqibinə minimal hesabla qalib gəlməyi bacardı. Bəs sərgilənən oyun gələcək üçün nikbin danışmağa ümid verirmi? Bu yazıda məhz millinin Moldova ilə matçını və hazırkı durumunu təhlil edəcəyik.

Moldova – Azərbaycan – 1:2
Qollar: Nikita Motspan, 90+2 – Emin Mahmudov, 28, Aleksey İsayev, 42
Hakimlər: Denis Şurman, Aleksandr Jukov, Viktor Nijnik, Roman Jitari (hamısı Ukrayna). Kişinyov, "Zimbru" stadionu
Moldova: 1. Dmitri çelyadnik, 2. Oleq Ryabçuk, 4. İqor Armaş, 7. Artur Yonitse (k) (5. Mixai Platika, 84), 10. Yevgeni Koçuk, (19. Virciliu Postolaki, 46), 11. Vitali Damaşkan (16. Viktor Stine, 66), 13. Mixail Kaymakov (8. Nikita Motspan, 66), 14. Yuri Yovu, 17. Daniel Dumbravanu, 21. Yoan-Kelin Revenko, 22. Vadim Ratse (25. Niki Kleşenko, 84)
Ehtiyat oyunçular: 12. Kristian Avram, 23. Dorian Raylyan, 3. Vadim Boloxan, 6. Kristian Dros, 9. Mixail Ştefan, 15. Yon Jardan, 18. Marius İosipoi, 20. Serciu Platika, 24. Yaser Tsurkan, 26. Artur Kojokari
Baş məşqçi: Sergey Kleşenko
Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 6. Höccət Haqverdi, 8. Emin Mahmudov (k) (14. Anatoli Nuriyev, 84), 11. Ramil Şeydayev (7. Namik Ələskərov, 84), 15. Bəxtiyar Həsənalızadə, 18. Anton Krivotsyuk, 19. Elvin Cəfərquliyev (3. Azər Salahlı, 84), 20. Riçard Almeyda (16. Elvin Camalov, 66), 21. Ozan Can Kökçü (10. Mahir Emreli, 46), 22. Aleksey İsayev, 24. Musa Qurbanlı (9. Renat Dadaşov, 66)
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Səlahət Ağayev, 2. Amin Seydiyev, 4. Bəhlul Mustafazadə, 5. Cəlal Hüseynov, 13. Ceyhun Nuriyev, 17. Toral Bayramov, 25. Rövlan Muradov, 26. Qismət Alıyev
Baş məşqçi: Canni de Byazi

Baş məşqçi Canni de Byazi 4-4-2 taktiki sxeminə yenə sadiq qalmışdı. İtalyan mütəxəssis sanki bu sistemi kollektivə oturtmaq niyyətindədi. Diqqətçəkən məqam müdafiənin mərkəzindəki tandem idi. Bəxtiyar Həsənalızadə ilə Anton Krivotsyuk ilk dəfə qapıçı önündə çiyin-çiyinə oynayırdılar. Əsl mövqeyi mərkəz olan Höccət Haqverdi isə bu dəfə də sağda şans qazanmışdı. Sual doğuran mövqelərdən biri dayaq yarımmüdafiəsi idi. Qara Qarayevin çağırılmadığı, Eddi İsrafilovun zədəli olduğu dönəmdə Riçard Almeyda ilə Emin Mahmudov şərikli "qara" işi görməli idi. Premyer Liqanın bombardirləri Musa Qurbanlı və Ramil Şeydayev isə hücumda çiyin-çiyinə qol axtarmalıydılar.

Hakimin start fiti ilə birlikdə millimiz üstünlüyü ələ keçirdi. İlk dəqiqələrdən topa yiyələnən komandamız qısa müddətdə meydanın rəqibə aid hissəsinə yerləşməyi bacardı. Yığma əsasən mərkəzdən və sol cinahdan hücumlar qurmağa çalışırdı. Bu da Elvin Cəfərquliyevin müdafiədən çox hücumda yer almasından irəli gəlirdi. Matçın əvvəlində pressinqlə qarşılaşan moldovalılar müdafiə olunmaqda çətinlik çəkirdilər. Futbolçularımız hətta qapıçı meydançası yaxınlığında belə, rahatlıqla paslaşa bilirdilər. Hücum keyfiyyəti bir qədər də yüksək olsaydı, hesabı açmamaq üçün heç bir səbəb qalmazdı. Orta sahədəki Almeyda-Mahmudov-İsayev "trio"su istər cinahları, istərsə də hücumu daim hərəkətdə saxlayırdı. Onların topla dəqiq davranışları sayəsində ev sahibləri müdafiədən çıxmaqda çətinlik çəkirdilər. İlk iki oyunçu ortada rahatlıqla top çevirməyi bacarırdısa, pleymeyker mövqeyindəki Aleksey İsayev də hücumçularla bir-birlərini yaxşı başa düşürdülər.

Ancaq dəqiqələr keçdikcə millinin ifasında elə də güclü olmayan təzyiq bir qədər də azaldı və oyun sönük mübarizə ilə davam etdi. Artıq moldovalı futbolçular da topla oynaya, gec-gec də olsa hücumlara çıxa bilirdilər. Ev sahibləri oyunu bərabərləşdirməyə başlayırdılar ki, qapılarında qol gördülər. Sol cinahdan tez-tez cərimə meydançasına daxil olan Ramil Şeydayev bu dəfə sürətli hücum zamanı Emin Mahmudovu zərbə mövqeyinə çıxardı. Kapitan isə o qədər də rahat olmayan vəziyyətdən toru silkələməyi bacardı.

Bu qol ilk yarım saatı sönük keçən görüşə canlanma gətirdi. Moldovalılar da fəallaşmaq üçün sanki top buraxmağı gözləyirdilər. Rəqib tez-tez sürətli həmlələr etməyə çalışsa da, müdafiəçilərimizi çox çətinə sala bilmirdilər. Paslaşaraq topu ayağında çox saxlaya bilməyən Sergey Kleşenkonun yetirmələri uzun ötürmələrlə hücumçularını hərəkətləndirməyə çalışırdılar. Ancaq Bəxtiyar və Anton ilk dəfə duet təşkil etməsinə baxmayaraq, səhvsiz çıxış edir, əksər vaxtlarda topun qapıçıya gedib çıxmasına imkan vermirdilər. Moldovanın bu fəallığı müvəqqəti oldu. Yenidən matça diktə etməyə başlayan yığmamız fasilə ərəfəsində ikinci dəfə rəqibi mərkəzə dəvət etdi. Aleksey İsayevin fərqləndiyi epizodda Musa Qurbanlının müdafiəçilərin əhatəsində topu "gizləməsi"ni və komandamızda saxlamasını xüsusi qeyd etmək lazımdı.

Komandamızın birinci hissəni meydançada əziyyətsiz keçirməsinə ev sahiblərinin zəif çıxışı da "kömək etdi". 5-li müdafiə sistemində oynayan Moldova orta sahəni öz əli ilə təhvil vermişdi. Görünür Sergey Kleşenko yetirmələrinin, onsuz da, topu özlərində çox saxlaya bilməyəcəyini başa düşərək, əks-hücum taktikası qurmuşdu. Ancaq komandası heç də uğurlu müdafiə oluna bilmirdi. Hətta işi birinci hissədə də bitirmək olardı. Sadəcə, bəzi məqamlarda qeyri-dəqiqlik fərqin artmasına imkan vermədi. Emin Mahmudovun dubluna isə qapı dirəyi mane oldu.

Hər iki komanda ikinci hissəyə bir əvəzləmə ilə başladı. Canni de Byazi ilk yarıda hücumda heç bir varlıq göstərə bilməyən Ozan Can Kökçünün yerinə Mahir Emrelini meydana buraxdı. Bu, oyun planında da dəyişikliyə yol açdı. Artıq komanda 4-3-3 sxemi ilə çıxış etməli oldu. Görünür, italiyalı mütəxəssis rəqibin birinci hissədəki mübarizsizliyini görüb, daha böyükhesablı qələbə arzusuna düşmüşdü.

Millimiz sanki ikinci hissəyə arxayın çıxmışdı. Bu da rəqibin ilk yarıdakı performansından qaynaqlanırdı. Bunun nəticəsidi ki, artıq topa tam sahib olmaq mümkün olmurdu. Hər iki tərəf topu özündə daha çox saxlamaq məqsədi güdürdü. Temp nisbətən artsa da, çoxsaylı top itkiləri təhlükəli hücum qurmağa əngəl olurdu. Birinci hissədə olduğu kimi, komandamızın heyətində fasilədən sonra da ən fəal oyunçu Riçard Almeyda idi. 33 yaşlı braziliyalını meydançanın hər qarışında görmək mümkün idi.

Komandamız 3 hücumçu ilə görünsə də, topa sahib olduğumuz zaman həm yarımmüdafiəçilər, həm də hücumçular tez-tez yerdəyişmələr edir, daha çox top olan əraziyə yığılırdılar. Xüsusən də, fasilədən sonra sağ cinahda yer alan Mahir Emreli hücumdan çox müdafiəyə kömək etməsi ilə diqqət çəkirdi. Əks cinahdakı Şeydayevlə müqayisədə Emreli top rəqibdə olan kimi arxasındakı Höccətə yaxın oynayır, ona kömək edirdi. 25 yaşlı hücumçu hətta bir neçə epizodda geri qayıdaraq komandamıza topu qazandırmağı da bacardı.

66-cı dəqiqədəki iki əvəzləmə mövqelər üzrə edildiyindən, sistemdə dəyişiklik olmadı. Ancaq yığmanın ən fəalı Almeydanın bundan sonrakı dəqiqələrdə yoxluğu hiss olundu. çünki onun yerinə mübarizəyə qoşulan Elvin Camalov həmkarı qədər hücumlara cəsarətli çıxmırdı. Elvinin tipik dayaq yarımmüdafiəçisi funksiyasını daşıması millinin irəlidə çoxalmasına və topla oynamasına mane olurdu. Komanda daha çox müdafiə və orta xətdə paslaşaraq topu özündə saxlamaqla kifayətlənirdi. Futbolçular özləri də tempin artmasında maraqlı görünmürdülər. Ardıcıl dəyişikliklər isə son dəqiqələrdə ərazi üstünlüyünün əldən verilməsinə səbəb oldu. Komandamız son dəqiqələrdə geri sıxılmağa və rəqibi meydanın özünə aid hissəsində qarşılamağa başladı. Bu da baha başa gəldi. Oyunboyu rəqibə yalnız standart vəziyyətlərdə uduzan millimiz əlavə olunmuş dəqiqədə qapısında topu da məhz kornerdən sonra buraxdı. Bu qol moldovalıları bir qədər ümidləndirsə də, ev sahiblərinin buna həm potensialı, həm də vaxtı çatmadı.

Beləliklə, millimiz ilk hissəsini təkqapıya oynadığı, ikinci yarısını isə "yola verdiyi" görüşdə Moldovanı səfərdə məğlub etdi. Bu isə Canni de Byazinin yetirmələrinin ardıcıl 4-cü qələbəsi idi.

ümid edək ki, bu seriya noyabrın 20-də Skopyedə Şimali Makedoniya ilə yoldaşlıq görüşündə də davam edəcək. Ancaq nəzərə alaq ki, Şimali Makedoniya Moldova deyil. Bu baxımdan yığmamızı üç gün sonra daha ciddi sınaq gözləyir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest