"Görünən odur ki, hakimlər bizə bir az fərqli yanaşırlar".
"Araz-Maxçıvan" Misli Premyer Liqasının 9-cu turunda "Sabah"la 2:2 hesablı heç-heçə edib.
Matc.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Mübarizəli, dinamik oyuna şahidlik etdik. Hər iki komanda oyuna rəng qatırdı. Komandam ilk gündən öz əzmkarlığı və oyun dəst-xətti ilə istədiklərimi yerinə yetirməyə çalışır 1 xal qazandıq. Rəqibimiz iddialı komandadır. Ona görə də bugünkü 1 xala sevinmək lazımdır.
- Məşqçilər korpusu və ehtiyat oyunçular bərabərlik qoluna çox çılğın şəkildə sevindilər. Bunun səbəbi nə idi?
- Son dəqiqələrdə qol vuran hər komanda belə sevinir. Kimsə sakit qalırsa, öz komandasına qarşı səmimi deyil. Futbolun içində olan emosiyadır.
- Ev oyununuzu "Sabah"ın meydanında keçirmək sizin üçün nə dərəcədə xoşdur?
- Əlbəttə ki, ev yiyəsi kimi rəqibin meydanında oynamağı heç bir məşqçi arzulamaz. İndiki durumda "Bank Respublika Arena" bizim üçün səfər deyil. Çünki biz Bakıda məskunlaşmışıq. Bakıdakı oyunlarda ev və ya səfər o qədər də əhəmiyyət daşımır. Bizim çempionatda o aura yoxdur ki, səfəri hiss edəsən.
- Oyun ərzində sizi daha çox nə narazı salırdı? Futbolçuların səhvləri, yoxsa hakimlərin qərarları?
- Mən də istərdim ki, bu cür templi oyunda hansısa epizoda 2-3 dəqiqə baxılmasın. Qərarı dərhal verməyi daha məqsədəuyğundur. Futbolçular tempi yüksəltmək üçün ortaya iş qoyurlar. Epizoda 5 dəqiqə baxılanda nəbz də düşür. Hakimin üzərinə getmək istəməzdim. Çalışırıq ki, onların ədalətinə inanaq. Görünən odur ki, hakimlər bizə bir az fərqli yanaşırlar. Bizə təzyiq edən rəqib yox, başqa amillərdir. Komanda olaraq daha güclü olmalıyıq ki, qarşımızda heç bir maneə olmasın.
- Rəqib baş məşqçi bildirdi ki, hakim əlimizdən 3 xalı aldı. Valdas Dombrauskas son dəqiqələrdə verilən foulun yanmış olduğunu dedi. Siz necə düşünürsünüz?
- Həmkarımın fikrinə yox, ümumi cavab vermək istəyirəm. Ad çəkmək istəmirəm, 2-3 komanda var ki, onların danışığına, iddiasına uyğun açıqlamaları göstərirlər. Biz də danışa bilərik. Ötən tur "Neftçi" ilə matçda ofsayd olduğunu nə siz gördüz, nə mən gördüm, nə də futbol ictimaiyyəti. Oyundan sonra heç nə danışmadıq. Ancaq həkimlərə yüklənsək, düzgün olmaz. Mən də cavab olaraq deyim ki, "Sabah"ın qazandığı penalti absurd idi. Bundan başqa matçın sonlarında Stiv Solvet ikinci sarı vərəqəni alıb meydandan qovulmalı idi. Hakimlik barədə az danışsaq, bütün komandalar üçün faydalı olar.












