“Ağır oyun olacağını bilirdik. Son turda qapısında çox qol görməsinə baxmayaraq, “Karvan-Yevlax” müdafiədə etibarlı oynayır. Yaxşı komandaya qarşı çıxış etdik. Çox çətin olsa da, qələbə qazana bildik. 3 xal bizim üçün çox vacib idi”.
Matc.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev Misli Premyer Liqasının 9-cu turunda “Karvan-Yevlax”ı Şamaxıda 2:1 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
O bildirib ki, Azərbaycan çempionatında zəif rəqib yoxdur: “Hər komanda digərindən xal ala bilir. Heç bir rəqibə zəif gözü ilə baxmaq olmaz. Belə düşünsən, səni cəzalandıracaqlar”.
33 yaşlı müdafiəçi “Turan Tovuz”un yenidən liderliyə yüksəlməsinə belə münasibət bildirib: “Rəqiblərimiz çox güclüdür. Əlbəttə, çox istərdik ki, sona qədər zirvədə qalaq. Lakin bu, elə də asan deyil. İstənilən halda çempionatın sonuna qədər mübarizə aparacağıq. Əlimizdən gələni edəcəyik ki, mövsümü üst pillələrdə başa vuraq”.
Ş.Əliyev növbəti turda “Şamaxı”ya qarşı keçirəcəkləri matçdan da söz açıb: “Nəhayət ki, Tovuzda, doğma azarkeşlərimiz önündə oynayacağıq. Onlar üçün darıxmışıq. Ümid edirik ki, “Şamaxı” ilə görüşə qədər zədəlilərimiz də sağalacaq. Çalışacağıq 100 faiz hazır olaq, qələbə qazanaq və bunu azarkeşlərimizə həsr edək”.
Təcrübəli müdafiəçi “Turan Tovuz” azarkeşlərindən razılığını ifadə edib: “Bakıda oynayanda da özümüzü evdəki kimi hiss edirik. Çünki fanatlar bizə çox yaxşı dəstək olurlar. Lakin Tovuzda azarkeş sayı daha çox olur, ətraf rayonlardan da gəlirlər. Çalışacağıq azakeşlərimizi sevindirək”.












