"Qəbələ" Türkiyədəki təlim-məşq toplanışını başa vurub. Matc.az xəbər verir ki, "qırmızı-qaralar" Antalyadakı hazırlıq prosesində son yoxlama görüşünə çıxıb.

Elmar Baxşıyevin yetirmələri "Teplitse" ilə qarşılaşıb. Oyun çexiya klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qəbələ"nin heyətində yeganə qola 13-cü dəqiqədə Ramon Maçado imza atıb.

Oyunun sonlarında isə komandalar arasında qalmaqal düşüb. Əvvəlcə kapitan Asif Məmmədov rəqib futbolçu ilə söz "davası"na girişib. Qapıçı Səlahət Ağayevin də özünü yetirərək rəqibə zərbə vurması aranı daha da qarışdırıb. Nəticədə hər iki komandanın üzvləri arasında əlbəyaxa dava düşüb. Futbolçuların sakitləşmədiyini görən baş hakim isə 88-ci dəqiqədə matçı bitirib.

Bununla da, yanvarın 4-dən Antalyada toplanışda olan "Qəbələ" hazırlığı başa vurub. Bu müddətdə "Sepsi" (Rumıniya) ilə heç-heçə edən (2:2) və "Lukenvalde" (Almaniya) üzərində qələbə qazanan (3:2) təmsilçimiz sabah  Vətənə qayıdacaq.

XƏYAL

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest