Futbolçu 3 il ərzində 6 klub, 7 iş yeri dəyişirsə, ya istedadsızdır, ya da transfer oyunlarının qurbanı. Bacarıqlı oyunçu niyə hansısa klubla müqavilə bağlayıb uzun müddət sabit oynamasın ki?

"Kəpəz"in yeni transferi Martins Junior istedadsız deyil. Misli Premyer Liqasında keçirdiyi iki oyuna görə onun haqda yalnız xoş sözlər demək olar. 23 yaşlı braziliyalı "Qəbələ"yə qarşı debüt oyununda penalti qazanıb, qol vurdu, "Səbail"lə görüşdə isə Gəncə təmsilçisinin ən yaxşılarından idi. Amma bu oyunçu "Kəpəz"lə yayda müqavilə bağlayıb 6 ay sonra heyətə salınırsa, deməli, oyun içində oyun var.

Junior "Kəpəz"ə Litvanın "Babrunqas" komandasından gəlib. Transfer haqqı üçün hansı pulların silinməsindən xəbərsizik, amma bilin ki, futbolçu ötən yay Bakıda olub. Onunla 2025-ci ilə kimi müqavilə bağlanıb, meydana çıxmadan baş məşqçi Yaşar Vahabzadənin xeyir-duası ilə Litva klubuna icarəyə göndərilib. Təsəvvür edin, komandanın belə bir oyunçuya ehtiyacı ola-ola, "Kəpəz" rəhbərliyi heyəti faydasız əcnəbilərlə doldurub, istedadlı braziliyalını isə icarəyə göndərib.

Və indi, qış fasiləsində futbolçu "Kəpəz"ə gətirilib. Bunu hansı əməliyyatla reallaşdırdıqlarını bilmirik, lakin oyunçunun müqaviləsində anlaşmanın bitiş tarixinə nəzər salmaqla daha bir şübhəyə əsas tapa bilərik. Oyunçularla adətən yaya, yəni mövsümün sonuna kimi müqavilə bağlanır. Juniorla müqavilənin bitmə tarixi kimi isə 2024-cü ilin son günü göstərilib. Səbəbini açıqlasalar, məlumatlanardıq.

Martinsin ölkəmizə gəlişi ilə bağlı msport.az-a verdiyi açıqlama çox mətləbə işıq salır: "Bilirdim ki, "Kəpəz" ölkənin ən köklü komandalarından biridir. Burada insanlar futbolu çox sevirlər. "Neftçi" və "Qarabağ" kimi klubları da tanıyırdım. İnternet vasitəsilə onları izləyirdim. Burada Kamran Şahverdi adlı iş adamı var ("Kəpəz"in prezidenti İlqar Nadirinin dostu – red.). özümü ona təqdim etdim və beləcə "Kəpəz"lə müqavilə imzaladım. Böyük tarixi olan kluba gəlmişəm. Məqsədim yaxşı işlər görüb komandanın mövsümü yaxşı yerdə başa vurmasına kömək etməkdir. Burada daha bir neçə il oynamaq istəyirəm. Kim bilir, bəlkə də gələcəkdə daha güclü liqalara gedərəm".

İndi kimsə mənə sübut etsin ki, futbolçinu Litva klubuna göndərmək üçün "Kəpəz"lə müqavilə bağladıb icarə haqqını bu yolla cibə ötürməyiblər? Dost-tanışın qarışdığı klub işlərində üzərində düşünüləsi başqa versiya yoxdur.

Camaat bazar açıb iş görür, gəncəli azarkeşlər də komandanın son pilləyə düşməsinə görə günahkar axtarır (futbolinfo.az).

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest