Klubda hər şey normal, qaydasında gedir. Azarkeşlərə təşəkkür edirəm. Əziyyət çəkib bu qədər yol gəliblər. Qələbə əhval-ruhiyyəsi ilə qayıdacaqlar. “Qəbələ”nin ev oyunlarında da bu qədər azarkeş görmək istəyirdik.

“Çətin oyun oldu. Bu haqda uşaqlara məlumat vermişdim”. Matc.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov deyib.

Topaz Premyer Liqasının XXIV turunda “Keşlə”nin qonağı olan “qırmızı-qaralar” minimalhesablı qələbə qazanıb - 2:1.

Oyunsonrası mətbuat konfransında Qurbanovun qalibiyyət şərhi belə olub: “Hamı video-analizlərdə, məşqlərdə məsuliyyəti dərk edirdi. Bilirdik ki, “Keşlə” aqressiv oynayacaq. Meydança ilə bağlı narahatlıq var idi. Oyunöncəsi məşqi də bura salmamışdıq. Şükürlər olsun, zədəsiz qələbə qazandıq. Çempionatın sonları çətin olacaq”.

- “Zirə” və “Sumqayıt”la oyunlarda da hesabda öndə idiniz, son dəqiqələrdə qol buraxdınız. Bu gün də az qala belə hal təkrarlanacaqdı. Bu, nə ilə bağlıdı?

- Bu haqda videolarımız var. Sadəcə, futbolçular hesabda öndə olanda müdafiə haqda düşünürlər. Konsentrasiya itkisi olur. Bunun acısını çəkirik. Belə bir tapşırıq vermirik. “Zirə” ilə oyunda rəqib bizi müdafiəyə çəkilməyə məcbur elədi. Elementar top itkiləri olanda məcburiyyətdən müdafiəyə çəkilirsən. Bunu gərginliyə bağlayıram.

- Volkov bu gün yaxşı çıxış etdi. Atakoranın ehtiyatda qalması Volkovun daha yaxşı olması ilə bağlıdı?

- Çalışırıq ki, rəqabət olsun. Verilən tapşırığı futbolçuda görmədikdə məcbur dəyişiklik edirsən. Volkov tapşırıqları 99 faiz dəqiq yerinə yetirir.

- Prezidentsiz ilk oyuna çıxdınız və ilk dəfə kənarda belə güclü azarkeş dəstəyi aldınız...

- Klubda hər şey normal, qaydasında gedir. Azarkeşlərə təşəkkür edirəm. Əziyyət çəkib bu qədər yol gəliblər. Qələbə əhval-ruhiyyəsi ilə qayıdacaqlar. “Qəbələ”nin ev oyunlarında da bu qədər azarkeş görmək istəyirdik.

- Azarkeşlərin hamısı Qəbələdən gəlmişdi?

- Qəbələdən gələnlər də var. Ola bilsin ki, burda da azarkeşlərimiz olsun. Hamısına təşəkkür edirik.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest