Azərbaycan Premyer Liqasında VIII turun oyunları keçiriləcək.
Matc.az xəbər verir ki, üç günü əhatə edəcək tur çərçivəsində ümumilikdə altı qarşılaşma baş tutacaq.
Tura oktyabrın 16-da keçiriləcək iki oyunla start veriləcək. İlk oyun günündə "Şamaxı" ilə "Şəfa" komandaları üz-üzə gələcəklər. Günün digər matçında isə "Sumqayıt" öz meydanında "Araz-Naxçıvan"ı qəbul edəcək. İndiyədək keçirilən 11 görüşdə tərəflər hərəyə dörd qələbə qazanıblar, üç oyun isə bərabərliklə bitib.
Oktyabrın 17-də daha iki qarşılaşma oynanılacaq. Əvvəlki 26 matçın 16-da qələbə qazanan "Sabah" səfərdə "Qəbələ"nin qonağı olacaq. Günün mərkəzi qarşılaşmasında isə ölkə derbisi baş tutacaq. "Qarabağ" doğma divarlar arasında əzəli rəqibi "Neftçi" ilə münasibətlərə aydınlıq gətirəcək. Bu, komandalar arasında sayca 103-cü oyun olacaq. Keçirilən 102 qarşılaşmanın 47-də ağdamlılar, 24-də isə paytaxt təmsilçisi qələbə sevinci yaşayıb.
Tura oktyabrın 18-də keçiriləcək son iki matçla yekun vurulacaq. Həmin gün "Turan Tovuz" öz evində "İmişli"ni sınağa çəkəcək. Son oyunda isə "Kəpəz" doğma meydanda "Zirə" ilə qarşılaşacaq. Gəncə təmsilçisi rəqibi ilə keçirdiyi son 19 oyunda qələbə qazana bilmir.













