Azərbaycan millisinin sabiq futbolçusu Deni Qaysumovun matc.az saytına müsahibəsi
- “Qarabağ”ın avrokuboklardakı çıxışını necə qiymətləndirirsiniz? Ağdam klubunun Çempionlar Liqasının Liqa mərhələsindən kənarda qalmasını nə ilə izah edərdiniz?
- “Qarabağ” artıq uzun illərdi ki, avrokuboklarda yüksək səviyyədə çıxış edir. Ancaq stabil olaraq Çempionlar Liqasının həlledici mərhələsinə vəsiqə qazanmaq üçün heyəti daha da gücləndirmək lazımdı. Belə turnirlərdə irəliləmək üçün heyətində yüksək səviyyəli futbolçuların sayı çox olmalıdı.
- Avropa Liqasının Liqa mərhələsində çıxış edəcək “Qarabağ”ı "Tottenhem" (İngiltərə), "Olimpiakos" (Yunanıstan), "Bodo Glimt" (Norveç), "Elfsborq" (İsveç), "Ayaks" (Niderland), "Lion" (Fransa) "Malmö" (İsveç) və FCSB (Rumıniya) klubları ilə oyunlar gözləyir. Sizcə, çempionumuzun növbəti mərhələyə adlamaq şansı nə qədərdi?
- “Qarabağ” Avropa Liqasına düşsə də, orada da ciddi rəqiblərlə üz-üzə gələcək. Bu mənada, komandamızın Liqa mərhələsində hansı nəticələrə imza atacağı mənim üçün də maraqlıdı. “Qarabağ”ın növbəti mərhələyə adlayacağına ümid edirəm. Rəqiblər adlı-sanlı klublardı. Buna baxmayaraq, futbolçularımız özlərinə güvənməli və yalnız irəliləmək barədə düşünməlidilər.
- Konfrans Liqasının pley-off mərhələsinədək irəliləyən “Zirə”nin avrokuboklardakı çıxışını necə dəyərləndirirsiniz?
- “Zirə” özünü yaxşı tərəfdən göstərdi. Gördük ki, Konfrans Liqasında daha da irəliləmək üçün bu komandanın potensialı var. Onların pley-off mərhələsinin ilk görüşündə “Omoniya”ya böyük hesabla uduzmasına çox üzüldüm. “Zirə” üçün uğursuz gecə idi. Amma builki nəticələr komandanın üzvlərinə növbəti avrokubok mövsümü üçün yaxşı stimul olacaq. Ümumilikdə, “Zirə” hər birimizdə müsbət təəssürat yarada bildi.
- Azərbaycan yığması Millətlər Liqası çərçivəsində sentyabrın 5-də evdə İsveçlə, ayın 8-də isə səfərdə Slovakiya ilə üz-üzə gələcək. Bu görüşlərdən hansı nəticəni gözləyirsiniz? Sizcə, yeni baş məşqçi Fernandu Santuş millimizdəki işinə yaxşı nəticə ilə başlaya biləcək?
- Baş məşqçi yeni olsa da, tanınmış və təcrübəli mütəxəssisdi. Bu isə bizə hər iki oyundan yaxşı nəticə gözləməyə əsas verir. Futbolçularımız dərk etməlidilər ki, intizamlı olsalar, əllərindən gələni etsələr, müsbət nəticələr qeydə alına bilər. Onlar Santuş kimi məşqçidən çox şey öyrənməlidilər.