Çoxdandı milli ilə səfərə getmirdim. Bu səbəbdən AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr Departamentindən “Misli”nin təşkilatçılığı ilə Slovakiyaya getmək istəyirsənmi” sualına müsbət cavab verdim. Uzun müddətdən sonra yığma ilə bir yerdə olmaq maraqlı idi. Yaratdığı fürsətə, gözəl şəraitə görə hər iki quruma təşəkkür düşür...

Komanda Koşitseyə Bakıda İsveçə uduzduğu (1:3) oyundan bir gün sonra yollanırdı deyə, hardansa yadıma 2010-cu ildə Kölndə keçirilmiş Almaniya - Azərbaycan matçı düşdü. 14 il əvvəl 1:6 hesablı rüsvayçı məğlubiyyətin üstündən heç 6 saat keçməmiş Bakıya qayıdan yığma üzvlərinin əksəriyyəti təyyarədə bir-biri ilə şit zarafatlar edib, “yastıq davası”na çıxmışdılar. Sanki, böyük hesablı qələbəni Bundestim yox, bizim milli qazanmışdı...

“Görəsən, indi necədi, bir gün əvvəl İsveçə məğlubiyyəti ürəyinə salan, pis olan varmı” sualına cavab tapmaq üçün istər-istəməz futbolçuların davranışlarına fikir verirdim. Düzdü, yığmamızın baş məşqçisi Fernandu Santuşun istəyi ilə media nümayəndələrinin oyunçulardan müsahibə alması yasaq idi, amma həm aeroportda, həm uçuş zamanı bəziləri ilə söhbətləşmək şansı yaranmışdı.

Görünən odu ki, o vaxtdan bəri millinin heyətində xeyli dəyişiklik olsa da, ruh həmin ruhdu. Məğlubiyyəti özünə dərd edən ən çox AFFA rəhbərliyi, məşqçilər korpusu və iki-üç futbolçudu, o vaxt da belə idi, indi də. Onu da vurğulayaq ki, bəzilərindən fərqli, İsveçlə oyunda penaltini qaçırdığı üçün az qala ölkədə linç edilən Ramil Şeydayevin səfər zamanı nə səsinın çıxdığını, nə üzünün güldüyünü sezdim. Adam pis iş gördüyü üçün baxçalarda cəzalanıb küncə qoyulan körpə uşaq kimi idi...    

Təxminən 4 saatlıq uçuşdan sonra Slovakiyaya çatırıq. Koşitse bizi yaxşı qarşılamadı, hava limanının sərhəd buraxılış məntəqəsində 200-dək sərnişinin pasportuna cəmisi 3 nəfər nəzarət edirdi ki, bu da xeyli vaxt apardı. AFFA rəhbərliyi, Fernando Santuş slovakiyalıların bu laqeyd münasibətinə bir neçə dəfə etiraz etsə də, onların heç tükləri də tərpənmədi.

Futbolçularla söhbətdə bəlli olur ki, hamısı Santuşa hörmətlə yanaşırlar, kimsə onun “qara siyahısına” düşmək istəmir. Onlar portuqaliyalı mütəxəssisin həm məşqçi, həm insani keyfiyyətlərindən ağızdolusu danışırdılar.

Hava limanından çıxanda AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyevlə də söhbət edirik. “Santuşun sələflərindən fərqi nədi, iş prinsipi necədi” -  deyə, sual etdim. Assosiasiya rəsmisi də futbolçuların dediklərini təsdiqləyir, portuqaliyalının hər gün səhər saatlarında AFFA-ya gəldiyini deyir: “İşinə çox ciddi, məsuliyyətli yanaşır, köməkçiləri ilə bütün günü müzakirələr aparır. Nizam-intizama xüsusilə fikir verir”.

Hacıyev özü deməsə də, sözlərindən anlaşılan odu ki, yığmamızın əvvəlki baş məşqçiləri Santuş qədər olmayıblar...

Əslində, Santuşun xarizmasını təyyarədə də sezmişdim. Məşqçi Kamran Ağayev media nümayəndələrinə yaxınlaşıb söhbət etmək istəyəndə, Santuş nəzərləri ilə son vaxtlar xeyli çəki yığmış Ağayevə öz yerinə keçməyi işarə etdi. Halbuki, futbolçu vaxtından tanıdığımız Kamranın səsi həmişə təyyarəni başına götürərdi.

İsveçə məğlubiyyətə baxmayaraq, millinin Slovakiyadan xalla qayıdacağına böyük ümid vardı. AFFA nümayəndə heyəti, həmkarlar arasında qələbəyə inananlar çox idi. Oyun öncəsi mətbuat konfransında da Santuş və Toral Bayramov məğlubiyyəti yaxın buraxmırdı...

...Artıq matçın nəticəsi bəllidi, milli Slovakiya qarşısında ilk yarıda buraxdığı qollarla 0:2 hesablı yenilgi aldı.

Santuşun da oyundan sonra dediyi kimi, futbolçuların düşüncə tərzi dəyişməsə, nəticələr ürəkaçan olmayacaq. Portuqaliyalıda bəyəndiyim xüsusiyyət o idi ki, sələflərindən fərqli, sərt suala qərəzli yanaşıb, jurnalistə sifət göstərmirdi, əksinə, “sual vermək sizin işinizdi, hər birinizə hörmətim var” söylədi. Qısqanclıq etmədən “Qarabağ” nümunəsini göstərdi, düşüncə tərzinin dəyişəcəyi təqdirdə, uğurun gələcəyini vurğuladı: “15 il qabaq nəticə yox idi, amma indi hər il avrokubokların qruplarında oynayırlar. Bu ki, Azərbaycanda baş verib, kənarda yox”. 

Stajlı həmkarların yadında olar, Berti Foqtsa “Qarabağ”ın uğurlarını xatırladanda, həmən özündən çıxırdı, mətbuat konfransını yarımçıq saxlamaq istəyirdi...

İndiki milliyə gəlincə, şit zarafatlar, “yastıq davası” olmasa da, məğlubiyyət ruhundan çıxmaq vacibdi. İllər öncə olduğu kimi, hər yenilgidən sonra futbolçu utanmaq əvəzinə deyib-güləcəksə, özlərindən başqa hamını günahkar çıxaracaqsa, vay halımıza...

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest