Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Süleyman Mikayılov və baş katibi Nağı Səfərov Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına yollanacaq milli komanda üzvləri ilə görüşüb. Matç.az Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığıncaqda Olimpiadaya qatılacaq Nurlan Səfərovla (60 kq) Nicat Həsənov (69 kq), baş məşqçi Vaqif Şirinov və yığmanın həkimi Zaur Abdullayev iştirak ediblər.
 
Boksçularımızın hazırkı durumu ilə maraqlanan S. Mikayılov Argentinanın paytaxtı Buenos Ayresdə keçiriləcək yarışda təmsilçilərimizdən uğur gözlədiyini bildirib. O, 2014-cü ildə Nankində baş tutmuş II Yay Olimpiya Oyunlarında qızıl medal qazandığımızı xatırladaraq, bu dəfə də idmançılarımızın inamlı çıxışına ümid etdiyini deyib: "Komanda lazımı təlim-məşq toplanışı keçib. Son yarışlarda uğurlu iştirakın ardını gətirəcəyinizə, Buenos Ayresdə də bayrağımızı yüksəldəcəyinizə və himnimizi səsləndirəcəyinizə inanıram. Milli komandamıza, o cümlədən sizə uğurlar arzulayıram".
 
Gənclərdən ibarət yığmamızın baş məşqçi Vaqif Şirinov boksçularımızın məşqlərinin plana uyğun getdiyini və yarışa tam hazır olduğunu qeyd edib. O bildirib ki, Oyunlarda ölkəmizi təmsil edəcək Avropa çempionu Nurlan Səfərov və qitə birinciliyinin ikincisi Nicat Həsənov fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq gücündədir: "Hər 2 boksçumuz hazırda karyerasının pik formasındadır. Avropa və dünya birinciliyi ilə yanaşı, beynəlxalq turnirlərdə də iştirak onlara lazımı təcrübə qazandırıb. Təlim-məşq toplanışının son mərhələsində isə kişilərdən ibarət milli ilə hazırlıq da keçmişik ki, bu da bizə çox faydalı olub. ümid edirəm ki, Argentinadan uğurla qayıdacağıq".
 
ABF-in baş katibi Nağı Səfərov da komandanın hazırkı durumundan razı olduğunu və boksçularımızın yenə də xalqımıza sevinc yaşadacağına inam ifadə edib. O vurğulayıb ki, lazımı təlim-məşq toplanışları və yarışlarda iştirak belə deməyə əsas verir: "ümid edirəm ki, boksçularımız ilk 2 Olimpiadada olduğu kimi, bu dəfə də Vətənə medalla dönəcəklər".
 
Millinin həkimi də boksçularımızın son durumu barədə məlumat verib. O qeyd edib ki, idmançılarımız funksional hazırdır.
 
Sonda yığma üzvləri Nurlan Səfərovla Nicat Həsənov Buenos Ayresdə medal qazanmaq üçün çalışacaqlarını vurğulayıblar.
 
Qeyd edək ki, Yeniyetmələrin III Yay Olimpiya Oyunları oktyabrın 6-18-də olacaq. Komandamız səfərə sabah çıxacaq. Boks üzrə yarışlar isə Olimpiadanın son 4 günündə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest