“Turan Tovuz” Misli Premyer Liqasında ilk görüşünü keçirdi. Şamaxı şəhər stadionunda “İmişli”nin qonağı olan Qərb təmsilçisi son saniyələrdə vurduğu qolla çətin qələbə qazandı – 1:0. Qarşılaşmadan sonra komandanın hücumçusu Ayxan Hüseynov matc.az saytının əməkdaşı ilə söhbətində oyun haqda danışıb.
- İlk matçın asan olmayacağını bilirdik. Çempionatın birinci oyunları həmişə çətin keçir. “İmişli” yaxşı hazırlaşmışdı. Premyer Liqanın debütantı olduğu üçün necə komanda olduğunu bilmirdik. Amma biz öz oyunumuzu sərgiləməyə çalışırıq. Bir neçə şansımız olsa da, istifadə edə bilmədik. Amma şükür, son dəqiqələrdə vurulan qolla qələbə qazana bildik.
- Komandada toplanış zamanı da qol vurmaq problemi ilə üzləşmişdi. Bu nə ilə əlaqədardır?
- Düzdü, toplanışda da eyni problem var idi. Bu haqda müzakirələr olur, danışırıq, baxırıq, bilmirəm... Çalışırıq ki, hər şeyi düz edək. Hələlik bəxtimiz gətirmir. Bunun üstündə çox işləyirik.
- Necə fikirləşirsiniz, “Turan Tovuz”da hansı mövqe güclənməlidi, daha çox hansı mövqedə problem var?
- Bizə bir neçə oyunçunun gələcəyini deyiblər. Rəqabətə həmişə hazırıq. Açığı, komanda indi də yaxşı durumdadı. Hər mövqedə 2-3 oyunçu var. Əsas odu ki, güclü futbolçu gəlsin.
- Baş məşqçi Kurban Berdiyev mətbuat konfransında maksimum bir və ya iki futbolçu gələcəyini söylədi...
- Bilmirəm, bəlkə Alexandro Serrano ilə üç nəfər deyilib. Serrano qayıtdı, yaxşı oyunçudu. Komandaya yaxşı köməyi olacaq.
- Oyundan sonra Kurban Berdiyev komanda üzvlərinə nə dedi?
- Təbrik etdi. Qələbə ilə başlamağın yaxşı motivasiya olduğunu bildiridi. Epizodlardan istifadə edə bilmədiyimizi söylədi. Epizodlar yaradırıq, amma son nöqtəni qoya bilmirik. Bunun üstündə çox işləməliyik.
- Necə düşünürsüz, “Turan Tovuz” bu heyətlə çempionluğa iddialıdırmı?
- Hər oyunda qələbə qazanmağa çalışmalıyıq. Tək meydanda olan 11 nəfər yox, bütün kollektiv buna səy göstərməlidi.
- Qarşıda millimizin İslandiya, Fransa və Ukrayna yığmaları ilə çətin oyunları var. Fernandu Santuşdan dəvət gözləyirsiz?
- Bəli (gülür). Çağırsalar, çox şad olaram. Çağırmasalar da, heç nə dəyişməyəcək, üzərimdə işləyəcəm. Çalışacam “Turan Tovuz”a kömək edim.
-Millidə Ayxan Hüseynovdan zəif futbolçu varmı?
- Millidə zəif oyunçu ola bilməz. Amma yığmaya elə futbolçular çağırılır ki, onların oyununu heç görməmişəm.