"Nəticə qazanmırlar. Onları da sorğu-sual etmək lazımdır".
Misli Premyer Liqasının XXIV turunun "Sumqayıt" – "Şamaxı" oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.
Matc.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:
– Maraqlı oyun alındı. Yuxarı sıralarda yerləşən komandalara çatmaq istəyirdik. Mübarizəli matç keçdi. Yaxşı atmosfer var idi. Vacib qələbə qazandıq. Futbolçulara mübarizələrinə görə təşəkkür edirəm. Acı məğlubiyyətlər də yaşamışıq, amma indi möhkəm komanda ola bilmişik. Bəlkə, mövsümün gedişində bəzi oyunlarda xal itirməsəydik, indi daha yuxarılarda ola bilərdik. Fasiləyə qədər bir oyun qalıb. Qarşıdan millinin də oyunu gəlir. Həqiqətən, yorulmuşuq. Amma istəməzdim fasilə olsun. Komanda son oyunlarda yaxşı çıxış edir. Tək "Qarabağ"a uduzmuşuq.
– Mövsümün sonunda gedəcəyiniz demək olar, dəqiqləşib. Qalmağınız üçün büdcə artmalıdır? Hansısa hərəkət var rəhbərlikdən?
– Klubun inkişafı üçün addım-addım işlər lazımdır. Ötən mövsüm aparıcı oyunçularımız getdi. Bu il də gələn oyunçular yaxşı çıxış edir. Bilirik ki, onları saxlamaq çətin olacaq. Nəsə qazanmaq istəyirsənsə, heyət qalmalı, güclənməlisən. Bunlar da büdcəylə bağlıdır. Klub olaraq da inkişaf etməliyik.
– Yaxşı nəticələr qazanırsınız, amma "kasıb" komandalarda iş tapırsınız.
– Bu sualın cavabı özümüzdədir. Nə zamana kimi özümüz özümüzə dəstək verməyəcəyiksə, düzəlməyəcək. Baxıram, adlı-sanlı məşqçilər yerliləri qınayır, onların yerinə göz dikir. Nə vaxt özümüzə qiymət verəcəyik, klub rəhbərləri yerli məşqçilərin arxasında duracaq, onda işləmək olar. Ancaq indi klub rəhbərlərinin 90 faizi yerli məşqçilərin arxasında durmur. Uzun məsələdir.
– Bəlkə, klub rəhbərlərinin dəyişməsinə ehtiyac var?
– Bir çox klub rəhbəri artıq getməlidir. Nəticə qazanmırlar. Onları da sorğu-sual etmək lazımdır. Nə qədər məşqçi dəyişəcək? Tək məsələ məşqçi deyil. Bir çox mütəxəssislər var, komandanı saxlayır, amma rəhbərliyin etdiyi yanlış transferlər problem yaradır. Bizim problemimiz tək məşqçi deyil. Gərək yerli məşqçilər də özlərinə dəstək olsun, bir-birinin arxasıyca danışmasın.
– Kərim Rossiyə yaxşı təklif var…
– Harda çalışmışam, hücumçularım yaxşı çıxıb. Əli Qurbani, Peyman Babayi, Riçard Qadze… Rossi iki il bundan öncə izlədiyim futbolçudur. Amma gələndə belə deyildi. Çox çalışdı. İndi onu “Şamaxı”da saxlamaq çətin olacaq. 9 qol vurub. İndi hücumçular var, 400-500 min alır, amma iki qol vura bilmirlər.
– O da gedəcək?
– Müqaviləsi bitir.
– İliçlə mübahisəniz olmuşdu. Bu qələbədən sonra sizi təbrik etdi?
– Peşəkar məşqçidir. Oyundan sonra da salamlaşdıq, təbrik etdi. Bizdə bir çox məşqçilər var ki, udanda yaxınlaşır, uduzanda yox.
– Yerli məşqçilər var ki, deyirlər, Ayxan niyə iki yerdə işləyir…
– Bilirəm, tələsməsinlər, yaydan bir yerdə işləyəcəm.












