"Arsenal" UEFA Çempionlar Liqası 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində Porrtuqaliyada "Sportinq"i 1:0 hesabı ilə məğlub edib.
Matc.az xəbər verir ki, London təmsilçisinin baş məşqçisi Mikel Arteta mətbuat konfransında qarşılaşmanı dəyərləndirib. İspaniyalı mütəxəssis nəticədən razı qaldığını deyib:
"Belə nəticədən son dərəcə razıyam. Bu oyuna necə hazırlaşdığımızı nəzərə alsaq, düşünürəm ki, sübut etməli olduğumuz məqamlar var idi. Rəqibimizə qarşı layiqli oyun sərgilədik. Bu stadionda oynamaq çox çətin idi. "Sportinq"in burada niyə ardıcıl 17 qələbə qazandığını anlayıram. Onlar çoxdan məğlub olmurdular və belə bir seriyanı həqiqətən haqq edirdilər. Oyunun gedişində müəyyən anlarda tam üstünlük nümayiş etdirdik, cərimə meydançasında və onun ətrafında çoxlu epizodlar yaratdıq. Sadəcə, bir qədər daha dəqiq və kəskin olmaq çatışmadı. Amma iki oyundan ibarət bu qarşılaşmanı istədiyimiz istiqamətə yönləndirdik.
"Sportinq" boşluq tapanda son dərəcə təhlükəlidir. Onların iki epizodu oldu ki, həmin anlarda David Raya əla müdaxilələrlə komandanı xilas etdi. Bu mövsümün ümumi mənzərəsi budur ki, oyunun ən vacib anları çatanda, görüşün taleyini həll edirik. Oyunçular birlikdə işləməyi o qədər sevirlər ki, bunu komanda üçün məmnuniyyətlə edirlər. Bu da mövqeyimizi yaxşılaşdırmaq baxımından həlledici amil oldu. Düşünürəm ki, çox danışmaq əvəzinə ediləcək ən yaxşı şey prosesi izləməkdir".
Qeyd edək ki, bu komandalar arasındakı cavab matçı aprelin 15-də İngiltərədə təşkil olunacaq.












