"Barselona" UEFA Çempionlar Liqası 1/4 final mərhələsinin ilk oyununda "Atletiko"ya 0:2 hesabı ilə məğlub olub.

Matc.az xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Hans Flik qarşılaşmadan sonra açıqlama verib. Almaniyalı mütəxəssis hakimlərdən narazılığını bildirib:

"Əlbəttə, 0:2 hesabı ilə məğlub olduq, amma bir neçə çox yaxşı qol epizodumuz var idi. Rəqibimiz də öz növbəsində çox yaxşı oynadı. Heç kim təslim olmağı düşünmür. Kubarsinin meydandan qovulması? Onun qayda pozuntusu üçün kifayət qədər təmas edib-etmədiyini deyə bilmirəm. Top onun arxasında idi. Amma digər epizodlarda, məsələn, "Atletiko"nun oyunçusunun topa əli ilə toxunduğu vəziyyət mənim üçün qırmızı vərəqə üçün daha açıq səbəb idi. VAR-ın niyə müdaxilə etmədiyini də bilmirəm. VAR-dakı hakim almandır. Nə deyim, təşəkkürlər, Almaniya! Bu, inanılmaz səhv idi. Hamımız səhv edirik, amma o zaman VAR-ın mənası nədir? Bunu anlaya bilmirəm. Həmin epizod penalti və ikinci sarı vərəqə olmalı idi. Bu cür hallar baş verməməlidir. "Atletiko"nun oyunçusu meydandan qovulmalı idi. Özümüzə inanırıq. İkinci hissədə bir nəfər az olmağımıza baxmayaraq çox yaxşı oynadıq".

Qeyd edək ki, komandalar arasındakı cavab görüşü aprelin 14-də Madriddə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest