"Liverpul" Viktor Munozun transferini rəsmiyyətə salıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun rəsmi saytı paylaşıb.

İngiltərə təmsilçisi "Osasuna"nın cinah hücumçusunu heyətinə qatdığını elan edib. 22 yaşlı ispan futbolçu ilə uzunmüddətli rəsmi müqavilə imzalanıb.

Daha əvvəl mediada "qırmızılar"ın Munozun müqaviləsində yer alan 40 milyon avroluq sərbəstqalma bəndini aktivləşdirdiyi barədə məlumatlar yayılmışdı.

"Barselona" və "Real"ın gənclər komandalarının yetirməsi olan gənc oyunçu 2025-ci ilin yayından etibarən "Osasuna"da çıxış edirdi. O, bu müddət ərzində bütün yarışlarda 36 oyunda meydana çıxıb, 7 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı cinah hücumçusunun hazırkı bazar dəyərini 30 milyon avro qiymətləndirir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest