Lionel Skaloni: "Avstriya çox çətin rəqibdir"

Argentinanın baş məşqçisi Lionel Skaloni, dünya çempionatında Avstriya yığmasına qarşı keçirəcəkləri qarşılaşma ilə bağlı gözləntilərini bölüşüb.

Matc.az xəbər verir ki, təcrübəli mütəxəssisin fikirlərini "Reuters" agentliyi yayıb.

Baş məşqçi Ralf Ranqnikin komandasının olduqca ciddi rəqib olduğunu bildirərək, avstriyalıların meydandakı aqressiv təzyiqini xüsusi qeyd edib: "Avstriya çox çətin rəqibdir; əla oyunçuları var və yüksək təzyiq göstərirlər. Onların hesablaşmalı bir rəqib olduğunu gördük. Çətin bir matç olacaq. Qrupdakı ilk oyunlarımızı ikimiz də qazandığımız üçün bu amil azarkeşlər üçün vəziyyəti daha da maraqlı edə bilər".

Skaloni komandaların sayının artmasına baxmayaraq, dünya çempionatlarında asan oyunun olmadığını vurğulayıb: "Tarix göstərir ki, qrup mərhələsi həmişə sürprizlər gətirir. Əla oyun oynasanız belə, həmişə təkmilləşdirilməli olan sahələr var. Hər hansı bir komanda kimi, bizim də zəif tərəflərimiz var və ümid edirəm ki, avstriyalılar onları tapmayacaqlar".

Qeyd edək ki, dünya çempionatının J qrupunda yer alan gələcək rəqiblərdən Argentina ilk turda Əlcəzairi, Avstriya isə İordaniyanı məğlub edib. Qrupun iki favoriti arasında keçiriləcək bu gərgin qarşılaşma bu gün, iyunun 22-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest