Xorvatiya millisinin mərkəz yarımmüdafiəçisi Luka Modriç dünya çempionatı tarixinin rekordlarından birini yeniləyib.

Matc.az xəbər verir ki, bu barədə "OptaJoe" analitik hesabı məlumat yayıb.

Təcrübəli xorvatiyalı futbolçu Qana ilə matçda (2:1 hesablı qələbə) Nikola Vlaşiçin vurduğu ikinci qolda məhsuldar ötürmə müəllifi olub. Modriç bu asisti 40 yaş 291 günlüyündə edərək, dünya çempionatları tarixində məhsuldar ötürmə edən ən yaşlı futbolçu ünvanına sahib çıxıb.

Dünya çempionatı tarixində indiyədək heç bir futbolçu bu yaşda asistlə yadda qalmayıb. Bu, Lukanın "odlular"ın formasında ümumilikdə 32-ci məhsuldar ötürməsi olub. Bundan əvvəlki qarşılaşma Modriç üçün milli komandada yubiley – 200-cü matç (29 qol) kimi tarixə düşmüşdü.

Zlatko Daliçin komandası L qrupunda 6 xal toplayaraq, İngiltərədən (7 xal) sonra ikinci yeri tutub. DÇ-2026-nın 1/16 finalında xorvatlar K qrupunun ikincisi olan Portuqaliyaya qarşı mübarizə aparacaqlar.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest