“Turan”ın avrokuboklara buraxılmamağı ətrafında baş verən proseslər ciddi şübhələr doğurur. Bizdə olan Məlumatlara görə, Tovuz təmsilçisinin avrokuboklara vəsiqə qazandığı mayın 10-dan sonra - konkret olaraq, mayın 15-20-si aralığında klubun əleyhinə UEFA-ya müraciət ünvanlanıb.
Görünür, komandanın meydandakı uğuru bəzi dairələri narahat edib və onlar “Turan”a meydandan kənar yollarla mane olmağa çalışıblar.
Keçmişin kölgəsi, yoxsa qərəzli yanaşma?
“Turan Tovuz”a tətbiq olunan qadağanın rəsmi səbəbi kimi klubun 2019-cu ildə I Divizionda çıxış etdiyi dövrdə adı hallanan danışılmış oyunlar və həmin dövrdə AFFA İntizam Komitəsinin tətbiq etdiyi sanksiyalar göstərilir.
Lakin bu məqam bir sıra suallar yaradır. Əgər söhbət 2019-cu ildəki hadisələrdən gedirsə, niyə məhz komanda avrokuboklara vəsiqə qazandıqdan dərhal sonra bu məsələ gündəmə gətirildi?
“İkili standartlar”
Azərbaycan futbolundakı analoji vəziyyətlərə nəzər saldıqda, “Turan”a qarşı tətbiq edilən bu yanaşmanın “ikili standartlar” təəssüratı yaratdığını görməmək mümkün deyil.
Belə ki, 2017-ci ilin noyabrında “Keşlə” klubunun futbolçuları Nizami Hacıyev və Mirhüseyn Seyidovun adları danışılmış oyunlarda hallanmış, dekabrın 1-də isə AFFA tərəfindən hər iki şəxs ömürlük futboldan kənarlaşdırılmışdı. Amma buna baxmayaraq, “Keşlə” həmin mövsüm Azərbaycan Kubokunun sahibi kimi, Avropa Liqasında Maltanın “Balzan” klubu ilə qarşılaşmışdı.
Açıq qalan sual
Niyə “Keşlə” həmin dövrdə avrokuboklara buraxıldı, amma “Turan”ın iştirakına məhdudiyyət qoyuldu?
Bu suala AFFA baş katibinin müavini Elçin Məmmədov cavab versə, nə gözəl...













