ABŞ prezidenti Donald Tramp Canni İnfantinonun Beynəlxalq Futbol Federasiyası (FİFA) prezidenti postundan mümkün gedişini səhv adlandırıb.
Matc.az xəbər verir ki, bu barədə ölkə rəhbəri "Truth Social" sosial şəbəkə hesabında məlumat yayıb.
ABŞ rəhbəri paylaşımında bu fikirləri qeyd edib: "FİFA hər hansı bir səbəbdən prezidenti Canni İnfantinonun dəyişdirilməsi imkanını nəzərdən keçirsə belə, qorxunc bir səhvə yol vermiş olar. O, möhtəşəmdir, yenicə əvvəlkilərdən dörd dəfə daha uğurlu keçən dünya çempionatının təşkilinə rəhbərlik edib. Əgər İnfantino getsə, dünya çempionatlarının təşkili bir daha heç vaxt uğurlu olmayacaq və gəlir gətirməyəcək".
Daha əvvəl FİFA federasiyanın kommersiya fəaliyyətini, həmçinin turnirlərin təşkili fəaliyyətini birləşdirəcək "FIFA Forward Enterprise" (FFE) şirkətini yaratmaq planlarını açıqlayıb və özəl investorları oradan pay almağa dəvət edib.
Bu təklif UEFA-nın mənfi reaksiyasına səbəb olub, həmçinin dünya çempionatını boykot etmək hədələri barədə məlumatlar yayılıb. Sonradan FİFA İnfantinonun bəyanatını dərc edib. O, layihənin fikir ayrılıqlarına səbəb olduğunu etiraf edib və təklifin reallaşmayacağını bildirib.
Qeyd edək ki, İnfantino 2016-cı ildən FİFA prezidenti vəzifəsini tutur. İsveçrəli funksioner sonradan iki dəfə - 2019 və 2023-cü illərdə bu vəzifəyə yenidən seçilib.












