17 Avqust 2026, 12:31
FUTBOL
Premyer Liqanın debütantı “Şəfa” ilk oyununda meydanı başıaşağı tərk etdi. Paytaxt təmsilçisi səfərdə “Zirə”yə 0:2 hesabı ilə məğlub oldu. Zaur Həşimovun komandası rəqibin iki qoluna nə cavab verə bildi, nə də meydanda debütant statusuna yaraşan ciddi müqavimət göstərdi.
Amma “Şəfa”nın ilk oyunu təkcə nəticə ilə yox, klub rəhbərliyinin əvvəlki açıqlamaları ilə də diqqət çəkdi. Çünki ortada ciddi bir ziddiyyət var.
“Şəfa”nın prezidenti Kənan Sadıqlı mayın əvvəlində “Azərtac”a müsahibəsində klubun transfer siyasəti barədə kifayət qədər iddialı danışmışdı:
“Bu yola çıxandan ilk istəyimiz o olub ki, azərbaycanlı futbolçularla mübarizə aparaq... İran, Rusiya və Türkiyədə çıxış edən azərbaycanəsilli futbolçulara müraciət edəcəyik. Amma, məsələn, Afrikadan legioner gətirmək olmayacaq”.
Söz aydındı: prioritet azərbaycanlı futbolçular olacaq, Afrika qitəsindən isə legioner gətirilməyəcək.
Bəs əməl necə oldu?
28 yaşlı qambiyalı Maudo Lamine Jarjue ilə ikiillik müqaviləni kim imzaladı? Onun transferi rəsmiləşdirilərkən futbolçu ilə yan-yana şəkil çəkdirən şəxs Kənan Sadıqlı deyildimi?
Üstəlik, “Şəfa”nın heyətində Afrikadan gələn tək futbolçu Maudo da deyil. Qvineyalı Bafode Dansoko ilə də birillik müqavilə bağlanıb.
Deməli, mayda “Afrikadan legioner gətirməyəcəyik” deyən rəhbərlik Afrikadan olan iki futbolçu ilə müqavilə bağlayıb. “Afrika” deyəndə, hansı qitəni nəzərdə tuturdunuz Kənan bəy?
Dediyin sözün havada qalması deyil?
Məsələ bununla da bitmir. Sadıqlı deyirdi ki, əsas məqsəd azərbaycanlı futbolçularla mübarizə aparmaq, yerli oyunçulara güvənməkdi. Ancaq “Zirə” ilə matçda “Şəfa”nın start heyətində cəmi 3 yerli futbolçu və 8 legioner yer almışdı.
Bəs o məşhur “azərbaycanlı futbolçularla mübarizə aparmaq” strategiyası necə oldu?
Klub rəhbərliyi “İran, Rusiya və Türkiyədə çıxış edən azərbaycanəsilli futbolçulara müraciət edəcəyik” deyirdi. Çox sadə sualdı: bu gün “Şəfa”nın heyətində həmin ölkələrdən gətirilmiş və ya orada çıxış etmiş neçə azərbaycanəsilli futbolçu var?
Hələlik mənzərə tamamilə başqadı. Sözdə yerli futbolçuya güvənən, əməldə isə legionerlərə üstünlük verən bir komanda görürük.
Əlbəttə, futbol klubunun transfer siyasətini dəyişmək hüququ var. Rəhbərlik əvvəl verdiyi qərardan da imtina edə bilər. Amma o zaman bunu açıq şəkildə demək lazımdı. Çünki problem legioner futbolçunun gətirilməsində yox, deyilənlə edilənin bir-birini təkzib etməsindədi.
Bu gün “Şəfa”da prezident Kənan Sadıqlı, vitse-prezident Əfran İsmayılov və baş məşqçi Zaur Həşimov “üçlüyü”nün müəyyən etdiyi xətt görünür. Lakin bu xəttin nə qədər davamlı olacağı artıq sual altındadı. Çünki mövsüm uzun, Premyer Liqa sərtdi və burada təkcə iddialı açıqlamalarla nəticə əldə etmək mümkün deyil.
Ən əsası isə odu ki, futbol ictimaiyyəti verilən sözə baxır, sonra da əmələ.
Bu gün “Şəfa”nın qarşısında təkcə Premyer Liqada qalmaq yox, həm də özünün elan etdiyi prinsiplərə sadiq qalmaq problemi var.
Çünki söz ayrı, əməl ayrı olanda, etibar da uzunömürlü olmur.
Necə deyərlər, əməl sözün aynasıdı...
İXTİYAR













