Turinin "Yuventus" klubunun italyan qapıçısı Mikele Di Qreqorio "Bornmut" klubunun oyunçusu olub.

Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, söhbət 2026/27 mövsümünün sonuna qədər olan icarə müqaviləsindən gedir. Razılaşmada 12,7 milyon avro, əlavə olaraq bonus şəklində 1,5 milyon avro ödəməklə transfer hüquqlarının birdəfəlik satın alınması bəndi var.

Ötən il "Yuventus" "Monza" klubuna Di Qreqorionun transferi üçün 14,3 milyon avro, ondan bir il əvvəl isə icarə üçün 4,5 milyon avro ödəyib. Geridə qalan mövsümdə o, bütün turnirlərdə ümumilikdə 37 oyuna çıxıb, qapısında 36 qol görüb və 17 matçda qapısını toxunulmaz saxlamağı bacarıb.

Buna qədər 29 yaşlı Di Qreqorio "İnter", "Avellino", "Novara" və "Pordenone" klublarının da şərəfini qoruyub.

Xatırladaq ki, daha əvvəl "Yuventus" əsas qapıçı mövqeyinə "Tottenhem" klubundan digər bir italyan qolkiperi – Qulyelmo Vikarionu transfer edib. Komandanın ehtiyat qapıçısı isə Kamil Qrabara olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest