"Turan Tovuz" klubu ilə "Şamaxı" (0:0) arasında keçirilən Azərbaycan Premyer Liqasının II turunun oyununda qeydə alınan mübahisəli qol epizodu ətrafında qalmaqal böyüyür.
Matc.az xəbər verir ki, AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun II turda qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirərkən VAR sistemində yetərli video görüntü olmaması səbəbindən qolun qeydə alınmadığını və hakimlərin düzgün qərar verdiyini deməsi narazılığa yol açıb.
Bu açıqlamadan sonra "Turan Tovuz" azarkeşləri sosial şəbəkələrdə genişmiqyaslı etiraz aksiyasına başlayıblar.
Azarkeşlər xüsusilə sosial şəbəkə platformalarında "#baximvariniza" həştəqi ilə paylaşımlar edərək oyun zamanı yaşanan məlum epizodla bağlı obyektiv qərarın verilmədiyini düşünürlər.
Tovuz təmsilçisinin tərəfdarları Hakimlər Komitəsindən mübahisəli epizodla bağlı daha aydın, şəffaf və ədalətli yanaşma tələb edirlər.













