Nepal Polisinin Mərkəzi Təhqiqat Bürosu (CIB) danışılmış oyunların təşkili, maliyyə pozuntuları və fırıldaqçılıq şübhələri ilə əlaqədar Ümumnepal Futbol Assosiasiyasının (ANFA) rəsmilərinə qarşı təhqiqata başlayıb.
Matc.az xəbər verir ki, bu barədə "The Kathmandu Post" nəşri məlumat yayıb.
İlkin təhqiqatın nəticələrinə əsasən, büronun əməkdaşları assosiasiyanın xəzinədarı Rabindra Coşi və mühasib Sanciv Pandeyi saxlayıblar. Həmçinin ANFA-nın bir sıra digər nümayəndələrinin də işdə iştirakı yoxlanılır. Cümə günü CIB agentləri ANFA-nın Lalitpurdakı ofisində axtarış aparıb, noutbuklar, dörd sistem bloku və digər elektron avadanlıqları müsadirə ediblər.
Büronun rəsmi nümayəndəsi, polis superintensantı Anupam Şamşerin bəyanatına görə, Lalitpur dairə məhkəməsi hüquq-mühafizə orqanlarına istintaq hərəkətlərinin aparılması üçün "onları dörd gün müddətinə nəzarətdə saxlamağa" icazə verib. Polislər dindirmələr zamanı adları çəkiləcəyi təqdirdə digər şəxsləri də təhqiqata cəlb etməyə hazırdırlar.
Müstəntiqlərin sözlərinə görə, ilkin məlumatlar 2026-cı il dünya çempionatı və 2027-ci il Asiya Kubokunun birgə seçmə turniri çərçivəsində Nepal və Bəhreyn milliləri arasındakı ev və səfər oyunlarının təşkili zamanı qayda pozuntularına yol verildiyini göstərir. Komandalar oyunlardan birini Nepalda, digərini isə Bəhreyndə keçirməli idilər. Lakin nəticədə hər iki qarşılaşma Bəhreyndə baş tutub.
İstintaq hər iki oyunun Bəhreyndə təşkil olunmasının şübhəli maliyyə əməliyyatları ilə bağlı ola biləcəyini istisna etmir. Öz növbəsində, ANFA nümayəndələri bəyan ediblər ki, Asiya Futbol Konfederasiyası (AFC) Katmandudakı "Daşaratx" stadionunun qazonunu beynəlxalq oyunların keçirilməsi üçün yararsız hesab etdiyi üçün Nepal matça ev sahibliyi edə bilməyib. İlk oyunda Nepal millisi Bəhreyn komandasına 0:5, ikinci görüşdə isə 0:3 hesabı ilə uduzub.
Himalay dövlətinin polisi "Kelme" və "KTM City" şirkətlərindən futbol formaları və idman ləvazimatlarının satınalınması zamanı mümkün qayda pozuntularını da araşdırır. Bundan əlavə, müstəntiqlər DÇ-2026-nın seçmə mərhələ oyunlarına bilet satışı zamanı yol verilən pozuntular barədə məlumatları öyrənirlər. İstintaq nümayəndəsi "Beynəlxalq Futbol Federasiyası (FİFA) tərəfindən müəyyən edilmiş bilet satışı proseduruna lazımi şəkildə əməl olunmaması ilə bağlı narahatlıqlar var" deyə bildirib.













