İsveçrə millisinin kapitanı Qranit Caka 2022-ci ildə saxta COVID-19 peyvənd sertifikatı aldığına görə komandanın Millətlər Liqasının ilk oyunları üçün nəzərdə tutulan sifariş vərəqəsindən çıxarılıb.
Matc.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Bildirilir ki, futbolçu özü etdiyi əməli etiraf edərək, həmin vaxt çox qorxduğunu bildirib:
"Son günlər mediada keçmişimlə bağlı bir hadisə haqqında çoxlu xəbərlər yayılıb. Bu barədə şəxsən şərh vermək istərdim. Həmin vaxt mən böyük qeyri-müəyyənlik yaşayırdım və COVID-19 əleyhinə peyvəndlə bağlı ciddi narahatlıqlarım var idi. Peyvəndə qarşı dərin inamsızlıq hiss edirdim, məni qorxu və şübhələr bürümüşdü".
Lakin indi Caka səhvini etiraf etdiyini və bütün məsuliyyəti üzərinə götürməyə hazır olduğunu bəyan edib:
"Bu coşğulu emosional vəziyyətdə, məni narahat edən bütün sualları müvafiq kanallar vasitəsilə aydınlaşdırmaq əvəzinə, peyvənd sertifikatı əldə etdim. Bu gün bunun yanlış bir addım olduğunu aydın dərk edirəm.
Bu, bir səhv idi. Çox təəssüf edirəm. Bu qərara görə məsuliyyəti üzərimə götürürəm, bu işin bütün hallarını aydınlaşdırmağı öhdəmə götürürəm və müvafiq dövlət orqanları ilə əməkdaşlıq edirəm".
Qeyd edək ki, 2022-ci ilin sentyabrında Caka müsbət COVID-19 testi nəticəsi almışdı və bu səbəbdən həmin ay milli komandanın oyunlarında iştirak edə bilməmişdi. İndi isə futbolçunu cərimə şəklində cəza gözləyir.
Həmçiusin oyunçunun bu iş üzrə 5 il müddətinə azadlıqdan məhrum edilməsi təhlükəsi var, lakin hadisələrin bu cür inkişafı az ehtimal olunur.
Futbolçuya saxta peyvənd arayışları verdiyi güman edilən həkimin əməlləri ilə bağlı 2023-cü ildə təhqiqat başladılıb. Tibb işçisi bütün ittihamları rədd edib.
İsveçrə Futbol Assosiasiyasının prezidenti Piter Knabel Cakanın məsuliyyəti üzərinə götürmək qərarına şad olduğunu vurğulayıb, lakin hələlik futbolçunun bu toplanış müddətində millidən kənarlaşdırılması qərara alınıb.
"Qranit Caka dünən axşam bizə vəziyyət barədə məlumat verdi və eyni zamanda bu barədə ictimaiyyətə açıqlama verəcəyini və məsuliyyəti üzərinə götürəcəyini bildirdi. Qranitin bu addımı atmasını alqışlayırıq. Eyni zamanda, komandanın mənafeyi naminə bu toplanışı onsuz başa vurmaq barədə ortaq məxrəcə gəldik".
Artıq beynəlxalq fasilə başa çatdıqdan sonra qurumda Cakanın millidəki gələcək taleyi müzakirə olunacaq.
İsveçrəlilər sentyabrın 26-da Millətlər Liqasının "B" divizionunda Şimali Makedoniyaya qarşı matçla start götürəcəklər. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Qeyd edək ki, Caka İsveçrə milli komandasında keçirilən oyunların sayına görə rekordçudur. O, 152 matçda meydana çıxıb, bu oyunlarda 18 qol və 14 məhsuldar ötürmə ilə fərqlənib.
"Sanderlend" formasında isə 33 yaşlı yarımmüdafiəçi cari mövsümdə 6 matç keçirib.


.jpg+(1)_1790014832.jpeg)

.jpg_1790011807.jpeg)



_1790009893.jpeg)




