"Sadəcə ustalıq səviyyəmiz kifayət etmir ki, bu cür komandalarla görüşlərdə xallar qazanaq. Təəssüf ki, qolu da diqqətsizlikdən buraxdıq".

"Matç barədə danışılası çox şey yoxdur. İstək və fiziki sarıdan rəqibdən geridə qalmadıq. Sadəcə ustalıq səviyyəmiz kifayət etmir ki, bu cür komandalarla görüşlərdə xallar qazanaq. Təəssüf ki, qolu da diqqətsizlikdən buraxdıq".

Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının 7-ci turunun "Turan Tovuz"la (0:1) görüşündən sonra keçirilmiş mətbuat konfransında "Şəfa"nın baş məşqçisi Zaur Həşimov deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

- Ustalıq səviyyəsindən bəhs etdiniz. Qışda transferlər olacaq?
- Qış haqda rəhbərliklə danışığımız olmayıb. Ustalıq səviyyəsi deyəndə, rəqibin də oyunçularını nəzərə alıram. Onlara qarşı oynamaq da ustalıq səviyyəsini açmağa tam imkan vermir.

- U-21 limitinin bizə qazandırdığı futbolçulardan biri Elmir Tağıyev idi. Maraqlıdır, nəyə görə əsas yox, əvəzedici heyətdə oynayır?
- Elmirlə yayda danışığımız olmuşdu. Sadəcə ayrılmaq ərəfəsində zədələndi və komandada qalası oldu. Formada deyil deyə, bizimlə deyil.

- Növbəti görüşlərdə "Şamaxı", "Araz-Naxçıvan" və "Kəpəz"lə üz-üzə gələcəksiz. Nisbətən xal almaq ehtimalı yüksək olan bu matçlardan gözləntiniz nədir?
- Püşk elə atılıb ki, geridə qalan 7 turda oynadığımız rəqiblərdən yalnız ikisi, "Qəbələ" və "İmişli" istisna olmaqla, qalan hamısı çempionluq mübarizəsi aparan klublar idi. İndiyədək məğlub olduğumuz matçları "qara zolaq" adlandırım, yoxsa rəqiblərin aşkar güc üstünlüyü, bilmirəm. Lakin düşünürəm ki, artıq dişimizə uyğun rəqiblər gəlir. Onlarla görüşlərdə xal və ya xallar qazanmalıyıq.

- Bu ay ölkə kubokuna başlayacaqsız. Sizin üçün əsas hədəf kubok olacaq, yoxsa prioritet çempionatdır?
- Bu, gedişatdan asılı olacaq. Əvvəlcə II Liqa təmsilçisi "Ağstafa Gəncləri" ilə oynayacağıq. Kubokun 1/4 final mərhələsi isə qış fasiləsindən sonraya təsadüf edir. Ona qədər vəziyyətin necə olacağına baxacağıq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest