08 Oktyabr 2026, 13:03
FUTBOL
“Sumqayıt”da qəribə olaylar baş verir. Klub rəhbərliyi oyunçularla bağlı normal sayılmamalı olan addımlar atır.
Matc.az xəbər verir ki, hər mövsüm heyətin böyük hissəsini dəyişən, klubu daha oyunçu alış-satış mərkəzinə çevirən Riad Rəfiyev yenə öz işindədir. “Sumqayıt”a biznes obyekti kimi baxan menecer-prezident bu transferləri yalnız öz maraqlarına uyğunlaşdırır, kluba heç bir faydası toxunmur.
Bütün bunları araşdırmaq kluba aylıq və illik dövlət yardımı ayıranların və sponsorların işidir. Bizə maraqlı olan komandadakı iki futbolçunun aqibəti və onlarla davranışda seçilən xoşagəlməz üsuldur.
2023-cü ilin yanvarında “Sumqayıt”a gələn Masaki Murata hələ də “Sumqayıt”ın üzvüdür. O, 2024-ün yayından 2025-in yayınadək “Veyle”də çıxış etsə də, son mövsümdə yenə “kimyaçılar”ın şərəfini qoruyub. Nə hikmətdirsə, müqaviləli oyunçu Danimarkaya gedəndə də, geri qayıdanda da azad agent kimi qeydiyyatdan keçib.
İndi 27 yaşlı yarımmüdafiəçi “Sumqayıt”dadır. Amma onun adı Mili Premyer Liqasının yeni mövsümü üçün iştirak ərizəsinə salınmayıb. Bir illik müqaviləsi qalan Murata beləcə əziyyət çəkmədən maaş alır. Güman ki, o, anlaşmanı qarılıqlı razılıq əsasında pozmağa isti yanaşmayıb. Transfer pəncərəsi bağlandığı üçün yapon yəqin ki, qışadək bu cür davam edəcək. Və o, Rəfiyevə qazanc gətirən hansısa əməliyyata kimi gözləməli olacaq.
Əvəzində Nihad Əhmədzadə ilə bağlı fərqli durum var. 20 yaşlı yarımmüdafiəçi yığmanın düşərgəsində olarkən “Sumqayıt”ın əvəzedici heyətinə göndərildiyini öyrənib. Bu mövsüm komandasının keçirdiyi 5 oyunun dördündə start heyətində yer alan, birində sonradan meydana çıxan oyunçuyla bağlı belə qərar çıxışına görə verilə bilməz. Ona qalsa, qələbəsi olmayan komandanın bütün üzvləri cəzalanmalıydı, bir nəfər yox.
Əldə etdiyimiz məlumata görə, buna səbəb Nihadın yeni müqaviləyə imza atmaq istəməməsidir. Klubun yetirməsi mövsümün sonunda bitəcək anlaşmanı yeniləmək niyyətində deyil. Və klub rəhbərliyi onu müqaviləyə məcbur etmək üçün bu addımı atıb. U-21-in əsas üzvü, ölkə futbolunun gələcəklərindən hesab olunan Əhmədzadə bu şəkildə cəzalandırılır.
Baş məşqçi Filipe Kandidonun məsələlərə müdaxilə etmək hüququ yoxdur. Komandanın bu yay etdiyi heç bir transferə qarışa bilməyən, yalnız maaşını alıb vaxtını keçirən mütəxəssisi klub rəhbərliyi tamamilə kənarda saxlayıb. Zatən Rəfiyev əcnəbi məşçiləri həmişə bu şərtlərlə gətirib, onların heyət seçimlərində heç bir rolu olmayıb, bəlkə buna görə də hamısı uğursuz olub.
“Sumqayıt”da baş verənləri yalnız klubun daxili işi saymaq olmaz. Əvvəla ona görə ki, müqaviləli oyunçunu sifariş etməmək, ona havayı pul ödəmək doğru deyil. Xərc Rəfiyevin şəxsi vəsaitindən getsəydi, buna sözümüz olmazdı, amma klub dövlətin ayırdığı birbaşa yardımla və bu şəhərdə futbol olsun deyə Sumqayıt təmsilçisinə təhkim edilən sponsorların sayəsində ayaqdadır. Həmin vəsaiti bu şəkildə dağıdanlar barədə ölçü götürülməli, hesabat istənilməlidir.
Əhmədzadəylə bağlı olaya gəlincə, ölkə futbolunun gələcəyi sayılan gənclərdən biri ilə belə davranmaq olmaz. Oyunçu yeni müqavilə bağlamamaqda sərbəstdir, zatən klubunu dəyişdikdə “Sumqayıt” ona görə yetişdirmə haqqı alacaq. Qərar oyunçunun zəif çıxışı ilə bağlı olsaydı, başa düşülərdi. Amma klubunda bütün matçlarda iştirak edən, milli komandada əvəzedilməzlərdən olan Nihadla bağlı durumun fərqli olduğu ortadadır. Futbolinfo.az













