Madrid "Real"ının və Fransa millisinin hücumçusu Kilian Mbappe 2025/26 mövsümünün yekunlarına əsasən "Onze d'Or" mükafatının qalibi olub.
Matc.az xəbər verir ki, bu barədə Fransanın "Onze Mondial" jurnalının mətbuat xidməti məlumat yayıb.
Bu nəşr 1976-cı ildən bəri hər il Avropanın ən yaxşı futbolçusuna sözügedən mükafatı təqdim edir. Jurnalın rəsmi saytında keçirilən səsvermədə Mbappe 48,2 faiz səs toplayaraq inamlı qələbə qazanıb.
İkinci yeri PSJ-nin yarımmüdafiəçisi Joao Neveş (11,9 faiz), üçüncü pilləni isə onun komanda yoldaşı Xviça Kvarasxeliya (10,8 faiz) tutub. İlk "beşliy"ə "Barselona"nın vingeri Lamin Yamal (9,7 faiz) və mükafatın ötənilki qalibi Usman Dembele (7,5 faiz) də daxil olub.
2025/26 mövsümündə Mbappe yüksək məhsuldarlıq nümayiş etdirərək "Real"ın heyətində bütün turnirlərdə 40 qol vurub. Fransalı ulduz 25 qolla La Liqanın bombardiri olub, Çempionlar Liqasında isə daha 15 dəfə fərqlənib.
27 yaşlı hücumçu karyerasında ilk dəfə "Onze d'Or" səsverməsində qalib gəlir. O, daha əvvəl üç dəfə üçüncü yeri tutub.













