Azərbaycanın “Gəncə” və “Neftçi” basketbol komandaları FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyunlarına çıxıblar. Matc.az xəbər verir ki, “Gəncə” V tur çərçivəsində Rumıniyada “Universitatea” komandasının qonağı olub. Murad Dikmənin baş məşqçisi olduğu kollektiv meydanı 96:105 hesablı məğlubiyyətlə tərk edib.
 
C qrupunda mübarizə aparan Gəncə təmsilçisi bundan əvvəl Yunanıstanın “Kolossos” (62:80) və Türkiyənin “Esenler Erokspor” (63:92) komandalarına uduzub. Komanda yeganə qələbəsini Portuqaliya təmsilçisi “Sportinq” üzərində 69:67 hesablı qələbə qazanıb.
 
“Neftçi” isə H qrupunda Bolqarıstanda “Lokomotiv”lə qarşılaşıb. Plovdiv şəhərində keçirilən görüşdə “ağ-qaralar” 72:76 hesabı ilə məğlub olublar.
 
Bu nəticə ilə “Neftçi”nin turnirdəki uğursuz seriyası davam edib. Bakı təmsilçisi əvvəlki dörd qarşılaşmada İsveçrənin “Fribourg Olympic” (73:78), Yunanıstanın “Mikonos” (58:78), Latviyanın VEF (94:110) və Rumıniyanın “Oradea” (83:99) komandalarına da məğlub olub.
 
Beləliklə, Azərbaycan klubları FIBA Avropa Kubokunun V turunda keçirdikləri görüşlərdən məğlubiyyətlə ayrılıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest