"Vorskla"nın hücumçusu Vladislav Kulaç Ukrayna mətbuatına müsahibə verib. Matç.az saytı xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Bakıdakı matçda "Qarabağ"ın qapısından keçirdiyi yeganə qolla komandasına qələbə qazandıran forvard həmin görüşü də yada salıb.

- ötən həftəni karyeranızın ən uğurlu dönəmi saymaq olar?

- Mən deyərdim ki, ən uğurlularından biri. Ukrayna millisinə ilk dəfə dəvət edilməyim də əlamətdar hadisədi. Əlbəttə ki, ötən həftə "Vorskla" üçün oyun planında hər şey əla alındı. Avropa Liqasında "Qarabağ", çempionatda isə "Olimpik"lə görüş komandaya müsbət emosiya qazandırdı.

- Bəs yığmaya dəvət sizə ruh yüksəkliyi verdimi?

- Əlbəttə. İlk dəvətdən sonra növbəti dəfə yığmaya çağırılmağımı gözləyirsən. Bunun üçün isə daha səylə çalışmaq lazımdı. Bu üzdən yüksək motivasiya ilə hazırlaşıram.

- "Qarabağ"la matçda çox güc sərf etdiniz?

- Bəli. Azərbaycan klubu yüksək səviyyədədi. Biz bunu yaşayaraq təcrübə etdik. Ancaq oyun planına ciddi riayət edərək qələbə qazana bildik.

- Niyə Bakıdakı görüşdə müdafiə taktikasına üstünlük verdiniz?

- Rəqibin oyununu yaxşı təhlil etmişdik. Onlar topla yaxşı rəftar edirlər. Azərbaycanlılar "Sportinq" və "Arsenal"la qarşılaşmada da bunu göstəriblər. Rəqibin belə yüksək səviyyədə olması bizi ikinci planda oynamağa məcbur etdi. Rəqibə, demək olar ki, qol şansı vermədik. Bakıdakı oyunun ilk hissəsində bir az korladıq. Lakin ikinci hissənin əvvəlində qol vurduqdan sonra komandada özünəinam yarandı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest